Nika Qvaramiya səkkiz aydan sonra azadlığa buraxılıb

Dünya

12.02.2026 - 17:16

“Bir tərəfdən yaxınlarımı gördüyümə sevinirəm, digər tərəfdən isə həbsdə qalan yoldaşlarım haqqında düşünürəm”

Gürcüstan müxalifətindəki “Dəyişiklik” Koalisiyasının liderlərindən biri olan Nika Qvaramiya səkkiz aylıq həbs cəzasını çəkdikdən sonra Rustavi həbsxanasından azadlığa çıxıb. AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, müxalifət liderini onlarla tərəfdarı, dostları və ailə üzvləri həbsxana önündə qarşılayıblar.

Jurnalistlərə verdiyi açıqlamada Qvaramiya "qarışıq hisslər" keçirdiyini bildirib: “Bir tərəfdən yaxınlarımı gördüyümə sevinirəm, digər tərəfdən isə həbsdə qalan yoldaşlarım haqqında düşünürəm. Onların azadlığa buraxılması üçün sona qədər mübarizə aparmalıyıq".

Siyasətçi növbəti addımları barədə hələ qərar vermədiyini söyləyib.

Qeyd edək ki, qvaramiya “Vahid Milli Hərəkat” Partiyası hökuməti dövründə baş prokurorun müavini, ədliyyə naziri və təhsil naziri vəzifələrində işləyib. 2012-ci ildə "Gürcü Arzusu – Demokratik Gürcüstan" Partiyası hakimiyyətə gəldikdən sonra o "Rustavi 2" və "Mtavari" televiziya kanallarına rəhbərlik edib. 2024-cü ildə o parlament seçkilərində səslərin 11%-ni toplayaraq ikinci yeri tutan “Dəyişiklik” Koalisiyasını təsis edib. Müxalifət nəticələri rədd edib və hakim partiyanı seçki saxtakarlığında ittiham edib.

Qvaramiya əvvəlki hökumətin fəaliyyətini araşdırmaq üçün “Gürcü Arzusu” tərəfindən yaradılmış parlament komissiyası qarşısında ifadə verməkdən imtina etdiyinə görə həbs olunub. Digər müxalifət nümayəndələri də oxşar səbəblərdən həbs cəzası alıblar: “Strategiya Ağmaşenebeli” lideri Giorgi Vaşadze, “Lelo”nun təsisçiləri Badri Caparidze və Mamuka Xazaradze, keçmiş müdafiə naziri İrakli Okruaşvili və “Dəyişiklik Uğrunda” Koalisiya liderləri Nika Melia və Zurab Caparidze.

“Lelo”nun liderləri Prezident Mixeil Kavelaşvili tərəfindən əfv edilib. Caparidze və Vaşadze isə cəzalarını çəkdikdən sonra azadlığa buraxılıblar.

İndi Qvaramiya və digər yeddi müxalifətçiyə qarşı "sabotaj" ittihamı ilə yeni cinayət işi açılıb. Prokurorluğun məlumatına görə, o cinayəti "saxtakarlıq, prosesi radikallaşdırmaq bəhanəsi ilə küçələrə çıxdığı", həmçinin "inqilaba, hökumətin devrilməsinə və təhlükəsizlik qüvvələri ilə fiziki qarşıdurmaya açıq şəkildə çağırış etdiyi" üçün törədib. Qvaramiya bu iş üzrə dörd ilə qədər həbs cəzası ala bilər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş