Neftin qiymət artımı: büdcəyə sərfəlidir, amma əhali əlavə problemlərlə üzləşə bilər

İqtisadiyyat

14.11.2021 - 10:24

“Belə davam davam edərsə, yanacaq məhsullarının qiyməti qalxacaq, bazarda bahalaşma yaranacaq və inflyasiya sürətlənəcək”

Son dövrlər dünya birjalarında neftin qiyməti sürətlə artır. Bu isə öz növbəsində digər məhsulların da qiymətlərində artım yaradıb. Bəzi ekspertlər bu bahalaşmanın neft dövlətləri, o cümlədən Azərbaycan iqtisadiyyatı üçün artıma səbəb olacağını söyləsələr də, əks qənaətdə olanlar - qiymət artımının inflyasiya yaradacağı və sosial-iqtisadi durumu daha da ağırlaşdıracağını iddia edənlər də var.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban AYNA-ya deyib ki, neftin qiymətinin qalxması həm də hökumət xərclərinin artımı deməkdir: “Son 18 ilin statistikasına nəzər yetirsək, görərik ki, bu xərclər daha çox infrastruktur layihələrə yönəldilib. Bilirsiniz ki, 44 günlük Vətən müharibəsində Azərbaycan zəfər qazanıb. Bu zəfərdən sonra bizim qarşımızda duran əsas məsələ işğaldan azd edilən torpaqlarımızın bərpasıdır. Neftin qiymət artımı imkan yaradacaq ki, biz azad olunan torpaqlarımızı yenidən abadlaşdıraq”.

Onun sözlərinə görə, OPEC-in məlum qərarından sonra neftin qiyməti artdı: “Lakin bu gün qiymətlərdə cüzi azalma müşahidə edilir. Bunun əsas səbəbi ABŞ-ın neft ehtiyatlarının çoxalmasıdır. Digər səbəb isə Çinlə bağlıdır. Bu ölkədə sənaye obyektlərinin bəzilərinin fəaliyyətini dayandırması da bu məsələyə öz təsirini göstərir. Ümumi qənaət odur ki, dünya gücləri neftin qiymətinin azalmasında maraqlıdır. Son qərarların xronologiyasına nəzər yetirdikdə bunu aydın görmək olur”.

“OPEC ekspertləri qeyd edirlər ki, 2022-ci ilin birinci rübü ərzində bazarda hətta neft bolluğu müşahidə ediləcək. Çünki, dünya iqtisadiyyatının artım tempi heç də gözlənilən səviyyədə deyil. OPEC-in neftin qiymətilə bağlı hədəfi 65-70 dollar civarındadır. Bazar iştirakçıları ədalətli qiymət olaraq bu rəqəmi daha doğru hesab edirlər. Bu isə onu göstərir ki, gələn il neftin qiymətinin düşəcəyi ehtimalı daha inandırıcıdır”, - deyə ekspert bildirib.

O ki qaldı bunun ölkənin ümumi iqtisadi vəziyətinə təsirinə, İ.Şaban hesab edir ki, neft bahalaşmaqda davam edərsə, yanacaq məhsullarının da qiymətləri artacaq: “Bu da öz növbəsində bazarda bahalaşma yaradacaq. Eyni zamanda inflyasiyanı da sürətləndirəcək. Bu isə heç şübhəsiz, sosial-iqtisadi problemlərin dərinləşməsinə səbəb olacaq. Onsuz da son dövrlər ərzaq və qeyri-ərzaq məhsullarının qiymətlərində artımlar baş verir. Lakin buna rəğmən, az da olsa əhalinin gəlirlərində də artımlar olacaq”.

Həmsöhbətimiz əlavə edib ki, hökumət məsələni ciddi nəzarətdə saxlamalıdır: “Neftin qiymətinin yenidən bir barel üçün 100 dolları keçdiyini görmək istəməzdik. Belə ki, bu, aşağı rentabelli, az effektli layihələri stimullaşdıra bilər. Bundan sonra da artıq bir dəfə keçdiyimiz nöqtəyə – bazarın "çökməsinə" qayıda bilərik”.

Müəllif: Azər Niftiyev