Nə hərb, nə sülh, amma: “İrəvanın dəyişən ritorikası toqquşma riskini artırır”

Aktual

01.03.2024 - 13:54

Mərkəz rəhbəri: “Ermənistan sülhdən yayınma siyasətini davam etdirəcəksə, təxribatlara əl atacaqsa, toqquşmalar olacaq”

Son vaxtlar Ermənistan və Azərbaycandan verilən siyasi bəyanatlarda sərt ritorika müşahidə edilir. Xüsusilə, ötən il sülhlə bağlı davamlı mesajlar verən Ermənistanın rəhbər şəxsləri indi Azərbaycana qarşı ittihamlardan, hətta təhdidlərdən çəkinmirlər. Bu günlərdə Fransada səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan “France 24” telekanalına müsahibəsində bildirib ki, guya Azərbaycan ərazi iddiaları ilə çıxış edir, Ermənistana hücum planlaşdırır. Bundan əvvəl isə Paşinyan bildirmişdi ki, yeni eskalasiya riski artmaqdadır.  

Azərbaycan tərəfi dəfələrlə bəyan etdiyi kimi, ən yüksək səviyyədə - Prezident səviyyəsində bəyan etdi ki, rəsmi Bakının heç bir ölkəyə qarşı ərazi iddiası yoxdur. Və əlavə etdi ki, Ermənistanla sülh sazişi Bakının tələbləri yerinə yetirildikdən sonra mümkündür.

Ekspertlər hesab edirlər ki, Ermənistanın Azərbaycanın tələblərini yerinəı yetirməməsi, sülhdən yayınması və erməni rəsmilərin sərt ritorikası vəziyyəti gərginləşdirə bilər. Bu gərginliyin isə sonda hərbi toqquşmalara gətirib çıxara biləcəyi istisna edilmir.

Mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, hazırda tərəflər arasında gərginlik müşahidə edilir və bu, təhlükəli vəziyyət yarada bilər:

- Şərti sərhəddə Ermənistanın törətdiyi son təxribatlar, Fransanın Ermənistana hərbi dəstəyinin artması, Fransa Prezidenti Emmanuel Makronun Azərbaycan əleyhinə davamlı açıqlamaları, Paşinyanın ritorikasındakı dəyişiklik bölgədə gərginliyi artırır. Əslində müharibə, hərbi toqquşma tərəflərin maraqlarına cavab vermir. Nə Azərbaycan, nə də Ermənistan müharibədə maraqlıdır. Ona görə də danışıqlara ehtiyac var.

- Berlində XİN başçılarının danışıqları gərginliyi aradan qaldırmaq üçündür?

- Məncə, bəli. Çünki danışıqlar ortamı yumşaldan amildir. XİN başçılarının Berlində görüşü liderlərin Münxen Təhlükəsizlik Konfransındakı görüşünün davamıdır. Liderlərin görüşündə belə qərara gəlindiyi bildirilirdi ki, nazirlər görüşsünlər. Böyük ehtimalla Berlinin görüş yeri kimi seçilməsi də o zaman razılaşdırılmışdı. Bizim üçün də Berlin uyğundur. Məlum səbəblərdən rəsmi Bakı Fransanın vasitəçiliyini qəbul etmir. Almaniyanın vasitəçiliyini Azərbaycan da, Ermənistan da qəbul edir. Bu mənada məsələnin müsbət tərəfi var. Düzdür, Almaniya da tam tərəfsiz deyil, amma hər halda Fransa deyil. XİN başçılarının görüşündən müsbət nəticələr gözlənilmir. Dediyim kimi, fikir mübadiləsi gərgin ortamı yumşalda bilər.

- Dediniz ki, Paşinyanın ritorikası dəyişib. Söhbət hansı dəyişiklikdən gedir?

- Məsələn, keçən il Paşinyan daha optimist açıqlamalar verirdi. Deyirdi ki, İrəvan sülh sazişinin imzalanmasına hazırdır, danışıqlarda maraqlıdır və s. Bu ilki açıqlamaları bir az tərsdir, Azərbaycanı ittiham edir. Məsələn, Fransa kanalına müsahibəsində Paşinyan bildirdi ki, Azərbaycanın guya Ermənistana qarşı ərazi iddiaları var, guya Azərbaycan hücuma hazırlaşır. Amma Azərbaycan Prezidenti dəfələrlə bildirib ki, bizim ərazi iddiamız yoxdur. Doğrudur, Bakının İrəvandan tələbləri var – konstitusiya dəyişikliyi, Azərbaycanın ərazi bütövlüyünün tanınması, 8 kəndin qaytarılması, Zəngəzur dəhlizinin reallaşması. Amma bu tələblər müharibə üçün deyil, danışıqlar predmetidir.

- Paşinyanın mövqeyindəki bu dəyişiklik nə ilə bağlıdır?

- Məncə, Fransanın göstərişi ilə İrəvanda ritorika dəyişdi. Baxın, Münxen Təhlükəsizlik Konfransında liderlər görüşdülər, gərginlik yumşaldı. Amma bu görüşdən sonra Paşinyan Parisə çağırıldı. Oradakı görüşlərdən sonra Ermənistan Baş naziri Azərbaycan əleyhinə sərt ifadələr işlətdi. Həmin vaxt Fransanın müdafiə naziri İrəvana gəldi, müxtəlif açıqlamalar verdi, Ermənistana dəstək ifadə etdi. Sanki Parisdə Paşinyanı inandırıblar ki, möhkəm olmalıdır, Azərbaycanla saziş imzalamamalıdır, bu onun ziyanınadır, Fransa kömək edəcək. Məncə, ritorikada dəyişiklik məhz bu səbəbdəndir.

- Azərbaycan bəyan edir ki, şərtlər yerinə yetirilməsə sülh sazişi imzalanmayacaq. O zaman sülh prosesi necə inkişaf edəcək?

- Sanki vəziyyət 1990-cı illərin ortalarındakı kimidir – nə sülh, nə müharibə. İndi rollar dəyişib. O vaxt Azərbaycan məğlub idi, Ermənistan şərtlə danışırdı. İndi Azərbaycan qalib gəlib, torpaqlarını işğaldan azad edib. Haqlı tələblər Bakı tərəfindən ortaya qoyulur və sülhün şərtlərini diktə edən tərəf Azərbaycandır. Amma Ermənistan sülhdən yayınma siyasətini davam etdirəcəksə, təxribatlara əl atacaqsa, gərginlik yumşalmayacaq, əksinə, toqquşmalar olacaq. Fransanın da mövqeyi və İrəvanı qızışdıran əmrləri vəziyyəti eskalasiya həddinə gətirə bilər. Məsələ bu il həllini tapmasa, gələn il gərginlik artacaq, hərbi toqquşmalar qaçılmaz olacaq.

Müəllif: Anar Bayramoğlu