Moskvaya olar, Bakı və Ankaraya yox: rus ordusu suriyalı muzdlulara möhtac qalıb – VİDEO

Aktual

13.03.2022 - 15:03

“Kreml küçə döyüşlərində təcrübəsi olan suriyalıları Ukraynadakı müharibəyə cəlb edir”

Son günlər Rusiyanın Ukraynaya hərbi təcavüzü ilə əlaqədar Rusiya mətbuatının informasiya gündəminə suriyalı muzdlular mövzusu çıxıb. Hətta 44 günlük müharibə zamanı erməni təbliğatı Azərbaycanı Türkiyənin köməyi ilə Qarabağa yerləşdirilən suriyalı muzdlulardan istifadə etməkdə ittiham edirdi. Təbii ki, erməni tərəfi suriyalı muzdluların olması ilə bağlı tutarlı sübutlar təqdim edə bilməmişdi.

Bunun fonunda Rusiya rəsmiləri erməni təbliğatını həvəslə təkrarlayırdılar. Belə ki, Rusiya Xarici İşlər Nazirliyi (XİN) öz saytında qeyd etmişdi ki, ölkədə silahlı münaqişədə xarici muzdluların iştirakı ilə bağlı məlumatlar var. “Daxil olan məlumatlara görə, Suriya və Liviyadan olan qeyri-qanuni silahlı birləşmələrin yaraqlıları birbaşa döyüş əməliyyatlarında iştirak etmək üçün Dağlıq Qarabağ münaqişəsi zonasına yerləşdiriliblər”, - deyə Rusiya XİN-in 30 sentyabr 2020-ci il tarixində internet saytında yerləşdirilən məlumatda bildirilirdi.

Bir ay sonra, oktyabrın 30-da Rusiya xarici işlər nazirinin müavini Oleq Sıromolotov “RİA Novosti”-yə müsahibəsində bildirmişdi ki, ölkənin Xarici İşlər Nazirliyi “Qarabağdakı döyüşlərdə iştirak etmiş Suriya və Liviyadan olan muzdluların” Rusiya ərazisinə soxulması təhlükəsini inkar etmir.

2020-ci ilin noyabrında isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Kommersant”a müsahibəsində Cənubi Qafqazdakı münaqişə zonasında Yaxın Şərqdən olan iki minə yaxın xarici muzdlu döyüşçünün döyüşdüyünü iddia etmişdi.

Bundan sonra Rusiya Prezidenti Vladimir Putin də Rusiya Federasiyası Təhlükəsizlik Şurasının üzvləri ilə görüşdə silahlıların münaqişə zonasına göndərildiyini açıqlamışdı. Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin də onun fikrini təkrarlayaraq, bəyan etmişdi ki, Yaxın Şərqdə fəaliyyət göstərən beynəlxalq terror təşkilatlarının bir neçə min muzdlusu Azərbaycanın tərəfində vuruşur.

Qərb də bu dezinformasiyaya biganə qalmamışdı. Fransa Prezidenti Emmanuel Makron Hələb bölgəsindən çıxarılan 300-dən çox suriyalı muzdlunun Qarabağdakı münaqişə zonasına gəldiyini demişdi.

Hətta 2021-ci ilin martında, müharibə başa çatdıqdan sonra Avropa Parlamenti “Türkiyənin Dağlıq Qarabağdakı müharibəyə Suriyadan muzdlu əsgərləri cəlb etməsi faktını” ifadə edən qətnamə də qəbul etmişdi. Bu zaman muzdluların Qarabağa göndərilməsi ilə bağlı heç bir tutarlı sübut təqdim etməyən ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin məlumatlarına istinad edilmişdi.

Və bu gün bu nağıl yenidən Rusiya mediasının səhifələrində gündəmə gəlir. Rusiyanın “RİA Novosti” xəbər agentliyi “Türkiyə 2020-ci ildə Ermənistanla münaqişədə iştirak etdikdən sonra Dağlıq Qarabağda qalan suriyalı döyüşçüləri Ukraynaya döyüşmək üçün göndərib”, - deyə iddia edir.

Və cəmi bir-iki gündən sonra, Putin sakit səmada ildırım effekti verən fikirlər söylədi - Suriya muzdlularının Rusiya tərəfindən Ukraynadakı müharibəyə cəlb olunduğunu elan etdi. “Rusiyaya kömək etməyə hazır olan Yaxın Şərqdən olan könüllülərə Ukraynada müharibə zonasına getməyə kömək etmək lazımdır”, - deyə o, Təhlükəsizlik Şurasının iclasında bildirdi.

Öz növbəsində müdafiə naziri Sergey Şoyqu məlumat verdi ki, Yaxın Şərqdən “Ukraynadakı xüsusi əməliyyatda” “könüllü iştirak” üçün 16 minə yaxın müraciət daxil olub. Bundan başqa, Rusiya Müdafiə Nazirliyinin “Zvezda” telekanalı artıq suriyalıların Rusiya işğalçılarının tərəfində Ukraynada müharibəyə getməyə hazır olduqlarını əks etdirən kadrlar nümayiş etdirir.

Hətta bundan əvvəl “The Wall Street Journal” adı açıqlanmayan dörd amerikalı məmura istinadən yazmışdı ki, Rusiya hakimiyyəti Ukraynadakı müharibədə iştirak etmək üçün suriyalıları cəlb edir: “Rusiya hakimiyyəti küçə döyüşlərində təcrübəsi olan suriyalıları axtarır və ümid edir ki, bu, Kiyevi ələ keçirməyə kömək edəcək. Mütəxəssislər bu addımın hərbi əməliyyatların dərəcəsinin artmasından xəbər verə biləcəyini düşünürlər”.

Bundan əlavə, məsələ barədə Suriyanın “Deirezzor 24” nəşri də məlumat yayıb. Həmin məlumata görə, Rusiya Suriyada muzdlular, eləcə də obyektlərin mühafizəsi üçün adamlar cəlb edir. Sonunculara 6 ay iş və 200-300 dollar maaş vəd edilir. İşə qəbul prosesində xüsusilə "Vaqner" şəxsi hərbi təşkilatı iştirak edir.

Bütün bu hekayədə bir məqam cəlbedicidir. İki il əvvəl Rusiya rəsmi səviyyədə Suriya muzdlularının guya Qarabağda olduğunu iddia edərək, Azərbaycan və Türkiyəni buna görə qınamışdı. İndi isə Rusiya ordusu Ukraynada böyük itkilər verərkən və Moskvanın əlavə “top yemi”nə ehtiyacı olanda, Kreml artıq muzdluları “könüllülər” adlandırır. Rusiyanın ikiüzlülüyünün əsl siması budur!

Əgər Rusiyanın bu addımlarını beynəlxalq hüquq baxımından dəyərləndirsək, o zaman Yaxın Şərqdən muzdluların bura qoşulması beynəlxalq terrorizmə dəstəkdən başqa bir şey deyil. Bu fakt da dolayısı ilə Rusiya ordusunun ağır itkilərini təsdiqləyir. Maraqlıdır, indi Moskva rəsmiləri Yaxın Şərqdən gələn muzdluların Rusiya ərazisinə soxulması təhlükəsi barədə nəsə deyəcəklərmi?

Müəllif: Asif Aydınlı