Moskvada Arayikə nə təklif olunacaq: İrəvandan deyil, Bakıdan maliyyələşin?

Siyasət

27.04.2021 - 15:48

“Azərbaycan Rusiyadan sərt izahat tələb etməlidir: niyə onlar bizim ərazimizdəki separatçılarla birbaşa və açıq şəkildə işləyirlər?”

 

Qondarma “DQR”-in “prezidenti” Arayik Arutunyan təcili olaraq Moskvaya çağrıldı. Bu barədə “hraparak.am” saytı yazır. Bildirilir ki, Rusiya xüsusi xidmət orqanları Ermənistan hakimiyyətinə köməkçi olan Arayik Arutunyanın davranışından çox narahatdır.

 

Bu baxımdan Qarabağ separatçılarının liderini “həyata qaytarmağa” çalışacaqlar. Tanınmamış “respublika”nın rəhbəri olduğu üçün Arutunyan rəsmi şəkildə qəbul edilə bilməz. Buna baxmayaraq, Moskvada xüsusi səfərdə olan “prezident” xüsusi xidmət orqanlarının nümayəndələri ilə görüşəcək və ona Nikol Paşinyanın hər hansı bir istək və ya göstərişinin yerinə yetirilməsinin Qarabağın maraqlarından irəli gəlmədiyini başa salacaqlar.

 

Saytın mənbələri Arayik Arutunyanın maddi cəhətdən Ermənistan rəhbərliyindən asılı olduğunu bildirirlər: “Söhbət yaşayış binalarının tikintisi üçün ayrılan puldan gedir. Bəlkə də bu cür itaətin səbəbi budur”.

 

Bütün bunlar nə deməkdir? İrəvan nəşrinin mənbələri həqiqəti söyləyirsə, Moskvanın Arayiklə bağlı bəzi planlarının olduğu üzə çıxır. Yəni, hələ də faktiki “DQR”-in dağıdılmasından söhbət getmir?

 

Bir daha etiraf etməliyik ki, müharibədən sonra hələ də yiyəsinə qaytarılmayan Azərbaycan ərazisində Rusiya Bakının maraqlarını tamamilə nəzərə almadan və hətta “prezident” Arutunyan və ümumiyyətlə “Artsax Respublikası” ilə bağlı planları barədə ona məlumat vermədən bəzi oyunlarını davam etdirir.

 

Azərbaycan öz ərazisində elan edilən, lakin heç kim tərəfindən tanınmasa belə, Rusiya sülhməramlıları tərəfindən qorunan bir qurumun qanunsuz varlığına nə vaxta qədər dözməlidir? Və Qarabağın əsas separatçısının Moskvaya çağırılmasının başqa hansı versiyaları ola bilər? Orada ona nə öyrədə bilərlər?

 

Mövzunu AYNA-ya Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu şərh edib:

ABŞ-da yaşayan politoloq Ərəstun Oruclu:

“Arayikin Moskvaya çağrılması və onunla məsləhətləşmələrə və ya işlərə başlanılması qəribə deyil, çünki indi çətin vəziyyətdə olan məhz Qarabağ separatçılarıdır. Axı onların ideyaları “miatsum”dan, Ermənistanla birləşməkdən başlasa da, indi Moskvanın birbaşa nəzarəti altında olmaları lazım olduğu ortaya çıxdı. Əvvəllər də belə idi, amma Moskva fərqli davranırdı – “Qarabağ klanı”nın nümayənddələrini bir-birinin ardınca İrəvanda hakiniyyətə gətirərək, aralarındakı ziddiyətlərə baxmayaraq, faktiki iki icmanı birləşdirə bilirdi.

 

İndi isə vəziyyət fərqlidir. İndi Ermənistandakı “Qarabağ klanı” tamamilə nüfuzdan salınıb və xüsusilə siyasi mənada iki topluluğu birləşdirmək praktik olaraq mümkün olmayacaq. Köçəryan və Sarkisyanın hakimiyyət uğrunda mübarizəyə qayıtmaq cəhdləri belə, primitiv idi, çünki Ermənistanın əsas əhalisi sadəcə özünü son onilliklərdə yaxşı göstərməyən “Qarabağ klanı”ndan bezib. Buna görə də Moskva onların ayrılmalarından istifadə edir və Qarabağ ermənilərini ehtiyatda saxlamağa çalışır - həm Azərbaycana, həm də Ermənistana qarşı təzyiq vasitəsi kimi.

 

İrəvanda isə hər yolla Arayikə, ermənilərin Qarabağ icmasına təsirlərini genişləndirməyə çalışırlar. Lakin əbəs yerə, bundan heç nə çıxmayacaq, çünki Moskva artıq Qarabağdadır. Kreml torpaqlarımızda öz hərbi bazasını yaradır və biz belə bir siyasətə qarşı qətiyyətli addımlar atana qədər planlarını addım-addım həyata keçirəcək. Və bu planlar yalnız təhlükəsizliyi deyil, Azərbaycanın gələcəyini də təhdid edir.

 

Düşünürəm ki, indi Moskvada Arayik Arutunyana bir növ dəstək vəd ediləcək, bəlkə də Qarabağ ermənilərinin Bakının hesabına maliyyələşdirilməsi də ola bilər - mən də bunu istisna etmirəm. Hamısı Arutunyanı tamamilə yanlarına çəkmək və təzyiq aləti kimi istifadə etmək üçün hazırlanıb.

 

Bakı Moskva ilə çox sərt və açıq danışmalı və ondan izahat tələb etməlidir: niyə onlar birbaşa Azərbaycandakı separatçılarla açıq şəkildə işləyirlər? Niyə Moskva tərksilah etmək və Qarabağdakı erməni silahlı birləşmələrini geri çəkmək əvəzinə, əksinə, hərbi personalın Ermənistandan Qarabağa hərəkətini asanlaşdırır? Niyə Moskva onlarla birgə hərbi təlimlər keçirir? Moskva niyə Qarabağda hərbi parad hazırlayır? Bu, hansı güc nümayişidir? Axı Rusiya qaliblərin deyil, sülhməramlıların funksiyalarını yerinə yetirməyə borcludur.

 

Düşünürəm ki, Bakı Moskvadan cavab tələb etməklə bütün bu suallara aydınlıq gətirməlidir. Özümüzü zəif saymamalıyıq - biz bu ölkənin ağasıyıq. Əks təqdirdə, Rusiya istədiyini edəcək. Rusiyanın bu gün istədikləri mütləq Azərbaycanın maraqlarına, suverenliyinə və bəlkə də müstəqilliyinə ziddir.

 

Bu gün Moskvada SSRİ-ni bərpa etmək arzusunda olan bolşeviklərin nəvələri oturublar. Onların arasında ən əsası Putindir. Açıq şəkildə onlara Azərbaycanın bu oyunları oynamayacağını başa salmaq lazımdır - tərəfdaşlarımız var, o cümlədən hərbçilər və təcavüz halında Azərbaycan yalnız Moskvanın bölgədəki alətlərinə deyil, hətta özünə də müqavimət göstərəcək. Düşünürəm ki, məhz belə şəkildə sərt danışmaq lazımdır”.

Müəllif: Rauf Orucov