Moskva İrəvandan cavab gözləyir: “Ermənistana alət rolu həvalə edilib”

Dünya

18.04.2024 - 16:02

Mariya Zaxarova: “Moskva Ermənistan hakimiyyətinin Rusiya qoşunlarının çıxarılması planları ilə bağlı məlumatlara reaksiyasını gözləyir”

“Moskva Rusiya qoşunlarının Ermənistandan çıxarılması planlarının Brüsseldə İrəvan, Brüssel və Vaşinqton arasında razılaşdırıldığı barədə məlumatlara Ermənistan hakimiyyətindən aydın reaksiya gözləyir”. AYNA xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova ənənəvi brifinqdə deyib.

“Əvvəllər İrəvan açıq şəkildə əmin edirdi ki, Qərb ölkələri ilə münasibətlərin inkişafı üçüncü ölkələrə qarşı yönəlməyib. Biz Ermənistan hakimiyyətindən ortaya çıxan məlumatlara aydın cavab gözləyirik. İndi söz rəsmi İrəvanındır”, - Zaxarova mediada yazılanları şərh edərkən bildirib.

Eyni zamanda, rusiyalı diplomatın fikrincə, “Ermənistanın müdafiə və təhlükəsizlik dayanıqlığının yaradılması” adlı sənəddə əksini tapmış Rusiya hərbi bazası və Rusiya sərhədçilərinin qərbli mütəxəssislərlə əvəzlənməsini nəzərdə tutan planlar Moskvanı təəccübləndirməz.

“Ermənistanın Azərbaycan və İrana qarşı sərhədində təxribat işlərinin genişləndirilməsi, o cümlədən “Metsamor” Atom Elektrik Stansiyasının sökülməsi ilə Ermənistanın kritik infrastrukturunun və enerji sisteminin istiqamətinin dəyişdirilməsi həqiqətən də Vaşinqton və Brüssel nümayəndələri tərəfindən İrəvanın üzərinə öhdəlik kimi qoyulmuşdu. Aydındır ki, Qərbin məqsədi Ermənistan və Rusiya arasında həm təhlükəsizlik, həm də iqtisadiyyat sahəsində bütün əlaqələri məhv etmək, regional təhlükəsizlik və KTMT, Aİİ əsasında regional tərəfdaşlıq mexanizmlərini sarsıtmaqdır. Qərblilər, Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya və Türkiyə kimi ən yaxın qonşuların da arasında mübahisə yaratmağa çalışırlar. Cənubi Qafqazda sülhün qayğısına qalmaq haqqında nə qədər gözəl sözlər desələr də”, - Zaxarova qeyd edib.

Rusiyalı diplomat qeyd edib ki, Ermənistana ABŞ və Avropa İttifaqının yeni böyük yanğını alovlandırmaq üçün alət rolu həvalə edilib: “Qərbin tədbirlərinin hansısa yolla Ermənistanın müdafiə qabiliyyətini gücləndirəcəyinə, təhlükəsizlik səviyyəsini yüksəldəcəyinə və iqtisadi rifahı təmin edəcəyinə inanmaq sadəlövhlükdür. Əksinə, Ermənistanı hər şeydən – müdafiədən, iqtisadiyyatdan, enerjidən məhrum etmək istəyirlər. Bunun müqabilində İrəvana qeyri-mümkün yol xəritələri, kağız üzərində planlar və digər sonsuz demaqogiya verilir. Ermənistanla kifayət qədər oynayıb problemlərini həll edən qərblilər dəfələrlə başqa ölkələrlə etdikləri kimi, Ermənistanı sonda tərk edəcəklər”.

Xatırladaq ki, aprelin 5-də Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyanla ABŞ dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen arasında yüksək səviyyəli görüş baş tutub. İclasın nəticəsi olaraq Aİ Ermənistanın inkişafı üçün 270 milyon avro, ABŞ isə 65 milyon dollardan çox vəsait ayıracaq.

Mediada gedən məlumatlara görə, Brüsseldə Paşinyanın üzərinə Rusiya hərbi bazasının və hərbçilərinin Ermənistandan çıxarılması haqqında öhdəlik qoyulub.

Müəllif: Turan Abdulla