Spiker Baş nazirə Nazirlər Kabinetinin yeni rəhbəri təyin olunana qədər öz vəzifələrini icra etməyi tapşırıb
Monqolustan Parlamenti gizli səsvermədən sonra ölkənin Baş naziri Luvsannamsrain Oyun-Erdenenin istefası barədə qərar qəbul edib. O yeni hökumət başçısı təyin olunana qədər öz vəzifələrini icra etməyə davam edəcək. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu barədə parlamentin Mətbuat Xidmətindən bildirilib.
"Monqolustan Parlamentinin iclasının reqlamenti haqqında qanuna əsasən, Baş nazirə etimad səsverməsi deputatların əksəriyyəti, yəni 64 nəfər tərəfindən dəstəklənməli idi. Etimad səsverməsi parlamentarilərin əksəriyyəti tərəfindən gizli səsvermə yolu ilə təsdiq olunmadığından hökumətin istefası məsələsinə baxılması üçün qətnamə qəbul edilib", - deyə vurğulanıb.
Bildirilib ki, parlamentin spikeri Daşzeqvin Amarbayasqalan istefa vermiş Baş nazirə Nazirlər Kabinetinin yeni rəhbəri təyin olunana qədər öz vəzifələrini icra etməyi tapşırıb. Qanuna görə, Monqolustan hökumətinin yeni rəhbəri 30 gün ərzində təyin olunmalıdır.
Qeyd edək ki, son günlər Ulan-Batorun mərkəzi meydanında dinc piketlər keçirilir. Onlardan birində Baş nazirdən istefa verməsi və sosial şəbəkələrdə brilyant üzük, avtomobil və bir neçə min dollarlıq çantasının fotolarını yerləşdirən gəlininə 22 yaşlı oğlunun hədiyyələr üçün xərclədiyi yüksək xərci izah etməsi tələb olunub.