Moldovalıların 50 faizi Avropaya inteqrasiyanın lehinə, 50 faizi isə əleyhinə səs verib
Moldovanın referendumda Avropa Birliyinə qoşulmasının tərəfdarları və əleyhdarlarının sayı bərabər olub. AYNA xəbər verir ki, ölkənin Mərkəzi Seçki Komissiyası (MSK) protokolların 97,6 faizini hesablayıb və nəticəni elan edib. Nəticəyə əsasən, moldovalıların 50 faizi Avropaya inteqrasiyanın lehinə, 50 faizi isə əleyhinə səs verib.
Referendumda Moldova vətəndaşlarından “Siz Moldova Respublikasının Avropa İttifaqına daxil olması üçün Konstitusiyaya dəyişiklik edilməsinin tərəfdarısınızmı?” sualına cavab vermələri istənilib. Referendumun etibarlı hesab edilməsi üçün seçki siyahılarına daxil olanların üçdə birinin orada iştirak etməsi lazımdır.
Müvəffəqiyyətli olarsa, Konstitusiyanın preambulasına “Moldova Respublikası xalqının avropalı kimliyini və Moldova Respublikasının Avropa kursunun dönməzliyini təsdiq edən, Avropa İttifaqına inteqrasiyanı strateji məqsəd kimi elan edən” sözləri əlavə olunacaq.
Qeyd edək ki, referendum Moldovada prezident seçkiləri ilə eyni vaxtda keçirilib. Müşahidəçilər qeyd edirlər ki, referendum iqtisadi böhran və müxalifətin etirazları fonunda ölkə Prezidenti Maya Sandunun ikinci müddətə yenidən seçilməsinə kömək etmək məqsədi daşıyır.