Moldova Konstitusiyasında Avropaya inteqrasiya ilə bağlı düzəlişlər qüvvəyə minib

Dünya

05.11.2024 - 13:14

Həkimlər Klinikalar SEO Xidməti

Dəyişikliklərin mətni və Konstitusiya Məhkəməsinin qərarının mətni rəsmi qəzetdə dərc olunub

Moldova Konstitusiyasına Avropaya inteqrasiya və Avropa İttifaqına (Aİ) daxil olmaq üzrə referendumda qəbul edilmiş düzəlişlər qüvvəyə minib. AYNA xəbər verir ki, dəyişikliklərin mətni və Moldova Konstitusiya Məhkəməsinin (MK) qərarının mətni respublikanın rəsmi nəşri olan “Official Gazette”də dərc olunub.

Konstitusiya Məhkəməsinin referendumun nəticələrinə dair qərarına əsasən, Konstitusiyanın preambulasına “Moldova Respublikası xalqının avropalı kimliyini və Moldova Respublikasının Avropa yolunun dönməzliyini təsdiq edən” sözləri əlavə edilib. Eyni zamanda, Avropa İttifaqına inteqrasiya Moldova Respublikasının strateji hədəfi elan edilib.

Həmçinin Konstitusiyanın mətninə “Avropa İttifaqına inteqrasiya” adlı bölmə əlavə olunacaq.

Moldova Konstitusiyasının referendumda təsdiq edilmiş 140-1-ci maddəsinə əsasən, ölkənin Avropa İttifaqının təsis müqavilələrinə qoşulması parlamentdə Konstitusiya normalarının işlənib hazırlanmasını nəzərdə tutan üzvi qanunla həyata keçirilir. Qeyd edilir ki, Aİ sazişləri “daxili qanunvericiliyin ziddiyyətli müddəalarından üstün olacaq”.

Bundan əvvəl Moldova Mərkəzi Seçki Komissiyası Avropaya inteqrasiya ilə bağlı referendumun nəticələrini təsdiqləyib. Moldova vətəndaşlarının 50,46 faizi Avropaya inteqrasiyanın lehinə, 49,54 faizi isə əleyhinə səs verib.

Müəllif: Ayna.az