Mirzoyan: “Vaşinqton sazişi müharibədən əziyyət çəkən bölgədə sülhü bərqərar edib"

Aktual

05.12.2025 - 09:45

“Ermənistan və Türkiyə arasında sərhədin tam açılması regionun transformasiyasında növbəti vacib halqadır”

“Ermənistan və Türkiyə arasında sərhədin tam açılması regionda kommunikasiyaların açılması zəncirində növbəti vacib halqadır”. AYNA.AZ “Armenpress”ə istinadən bildirir ki, bu sözləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vyanada ATƏT Nazirlər Şurasının 32-ci iclasındakı çıxışında deyib.

Nazir qeyd edib ki, Ermənistan, Azərbaycan və ABŞ liderləri tərəfindən 8 avqust 2024-cü ildə Vaşinqtonda imzalanan Bəyannamə tarixi əhəmiyyətə malikdir: "Bu saziş ATƏT-in məsuliyyət zonasının ən qeyri-sabit və müharibədən əziyyət çəkən bölgələrindən birində sülhü bərqərar edib".

Mirzoyan tərəflərin həmçinin sülh müqaviləsini parafladıqlarını və ATƏT-in fəaliyyətdə olan sədrinə münaqişənin sonunun simvolu olaraq Minsk Prosesinin strukturlarının ləğv edilməsini birgə təklif etdiklərini xatırladıb.

Nazirin sözlərinə görə, Vaşinqton sammiti regional əlaqələrin inkişafı, daxili, ikitərəfli və beynəlxalq əlaqələrin təmin edilməsi, o cümlədən Cənubi Qafqazı təhlükəsiz logistika mərkəzinə çevirməyi hədəfləyən "Tramp marşrutu"nun həyata keçirilməsi üçün real imkanlar açıb.

Mirzoyan Azərbaycanın Ermənistana tranzit məhdudiyyətlərini aradan qaldırmaq barədə qərarını alqışlayıb: "Bunun birbaşa və praktik nəticəsi olaraq, ilk taxıl daşımaları artıq Azərbaycan-Gürcüstan-Ermənistan dəmir yolu marşrutu ilə Ermənistana çatıb".

Nazir xatırladıb ki, Ermənistan da öz növbəsində Türkiyədən Azərbaycana və Azərbaycandan Türkiyəyə yük maşınlarının tranzitini asanlaşdırmağa hazır olduğunu bəyan edib.

"Qeyd etdiyim zəncirdə Ermənistan və Türkiyə arasında sərhədin tam açılması regionda transformasiya prosesini tamamlayacaq növbəti vacib halqadır. Biz Türkiyə ilə ikitərəfli münasibətlərin tam normallaşdırılmasına yönəlmiş dialoqu fəal şəkildə davam etdiririk. Bu baxımdan, sizə bildirmək istəyirəm ki, cəmi bir neçə gün əvvəl iki ölkənin müvafiq departamentlərinin nümayəndələri Gümrü-Qars dəmir yolunun bərpası və istismarına yönəlmiş texniki müzakirələrin ikinci mərhələsini keçiriblər", - Mirzoyan bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş