“Reaktor seçimi təhlükəsizlik, etibarlılıq və sabitliyə əsaslanacaq”
“Ermənistan kiçik modul nüvə elektrik stansiyalarının tikintisi variantlarını diqqətlə öyrənir”. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Cenevrədə keçirilən Silahsızlanma Konfransında çıxışı zamanı deyib.
O mövcud Ermənistan AES-in istismar müddətinin 2036-cı ilə qədər uzadıldığını xatırladıb. Bildirib ki, eyni zamanda, hakimiyyət orqanları yeni nüvə enerji blokuna mərhələli və təhlükəsiz keçid imkanlarını araşdırır: "Bu kontekstdə Ermənistan kiçik modul reaktorlar sahəsində mövcud texnoloji həlləri diqqətlə öyrənir və beynəlxalq tərəfdaşların təkliflərini nəzərdən keçirir".
O son qərarın etibarlılıq, uzunmüddətli dayanıqlılıq və nüvə təhlükəsizliyi meyarları nəzərə alınmaqla veriləcəyini vurğulayıb.
Nazir həmçinin Ermənistanın Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə sadiqliyini bir daha təsdiqləyib və onun üç əsas prinsipinin - yayılmama, silahsızlanma və nüvə enerjisindən dinc məqsədlərlə istifadənin vacibliyini vurğulayıb.
2023-cü ildə “Rosatom Service” və Ermənistan AES QSC stansiyanın istismar müddətini 2036-cı ilə qədər uzatmaq barədə müqavilə imzalayıblar. İkinci uzadılma üzərində işlər artıq davam edir. Baş nazir Nikol Paşinyan əvvəllər mövcud enerji blokunun istismar müddətinin 2046-cı ilə qədər uzadılması ehtimalını istisna etməmişdi.
İrəvan eyni zamanda, Rusiya, ABŞ, Fransa, Çin və Cənubi Koreyadan olan potensial tərəfdaşlarla yeni nüvə elektrik stansiyasının tikintisi ilə bağlı danışıqlar aparır. İrəvanda ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens ilə görüş zamanı Baş nazir modul nüvə elektrik stansiyası layihəsi üzrə əldə edilən razılaşmaları açıqladı. Danışıqlardan sonra nüvə enerjisi sahəsində əməkdaşlıq haqqında razılaşmalar imzalandı.