Milli Məclisdə deputatlar arasında gərginlik: "O sözü demişəmsə..."

Cəmiyyət

03.12.2021 - 17:10

Baş nazir parlamentin iclasına gəldi: gələn ilin büdcəsi qəbul olundu, rüsumlar dəyişdirildi

Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb. İclasda Baş nazir Əli Əsədov da iştirak edib. 
Baş nazir çıxışı zamanı "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin parlamentdə aktiv müzakirəsinə, deputatların təkliflərinə görə təşəkkür edib. Ə.Əsədov deyib ki, deputatların sualları hökumət üzvləri tərəfindən cavablandırılıb.

Baş nazir: “Strategiya layihəsi hazırlanıb və təsdiq üçün Prezidentə təqdim edilib”

Baş nazir nəzərə çatdırıb ki, gələn ilin dövlət büdcəsi müstəqil Azərbaycanın ən böyük büdcəsidir: “Hamımız fəxr hissi keçiririk ki, işğal altındakı torpaqlarımız Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz tərəfindən azad edilib. İşğaldan azad edilmiş torpaqlarla bağlı məsələlər büdcədə prioritet istiqamət kimi nəzərə alınıb. Tarixi çağırışlar nəzərə alınaraq, Prezident tərəfindən 2030-cu illə bağlı prioritetlər barədə sərəncam imzalayıb, hökumətə sosial-iqtisadi inkişaf strategiyanın hazırlanması ilə bağlı tapşırıq verilib. Strategiya layihəsi hazırlanıb və təsdiq üçün Prezidentə təqdim edilib”.

Prezident hökumətə ordu quruculuğunun gücləndirilməsini tapşırıb

Ə.Əsədov çıxışı zamanı Zəngəzur dəhlizindən danışıb. Baş nazirin sözlərinə görə, Zəngəzur dəhlizinin açılmasının böyük əhəmiyyəti var: "Füzuli Beynəlxalq Hava Limanının, eyni zamanda, istifadəyə veriləcək Zəngilan və Laçın aeroportları böyük əhəmiyyətə malikdir".
“Ordu quruculuğunun daha da gücləndirilməsi Ali Baş Komandan tərəfindən qarşımıza qoyulan ən vacib məsələrdən biridir”, - deyən Ə.Əsədov vurğulayıb ki, hərbçilərinin sosial, məişət, xidmət sahələri ilə bağlı şəraitin yaxşılaşdırılması hökumətin diqqət mərkəzindədir: "Təhlükəsizliyin təmin olunması üçün zəruri infrastrukturun yaradılması, hərbçilərin sosial təminatının yaxşılaşdırılması hökumət üçün əsas prioritet istiqamətlər sırasındadır".

Əli Əsədov qiymət artımı barədə: "Hökumət mümkün olan bütün qabaqlayıcı tədbirləri görür"

Çıxışı zamanı qiymət artımına münasibət bildirən Baş nazirin sözlərinə görə, pandemiya istehsal həcmlərinə mənfi təsir göstərib: "Beynəlxalq təşkilatlar qiymətlərin son 30 ildə ən yüksək həddə çatdığını qeyd edib. Bunun ölkə iqtisadiyyatına mənfi təsirinin qarşısının alınmasına, ərzaq təhlükəsizliyinə xüsusi diqqət yetiriləcək. Qiymət artımı ilə əlaqədar hökumət mümkün olan bütün qabaqlayıcı tədbirləri görür və bundan sonra da görəcək. Süni qiymət artımının qarşısının alınması ilə bərabər, idxalın əvəzinə istehsalın artırılması nəzərdə tutulur”.

Ə.Əsədov deyib ki, koronavirusla mübarizə məqsədilə dövlət büdcəsindən 1,6 milyard manatdan çox vəsait xərclənib. Baş nazir növbəti ildə də pandemiyanın təsirlərindən qorunmağa ehtiyac olduğunu qeyd edib. Bildirib ki, iqtisadi siyasətin sosial siyasətlə uzlaşdırılması Prezident İlham Əliyevin dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Əli Əsədov vurğulayıb ki, 2022-ci il üçün dövlət büdcəsində xərclərin 69 faizi sosialyönümlüdür.

Əməkhaqlarının, sosial müavinətlərin, pensiyaların artırılması üçün əhəmiyyətli maliyyə təminatı yaradıldığını qeyd edən Ə.Əsədov şəhid ailələrinin, qazilərin məsələlərinin dövlətin daim diqqət mərkəzində saxladığını vurğulayıb.

Sabir Rüstəmxanlıdan Tahir Mirkişiliyə cavab: “Orta məktəb hesabı ilə bunlar yüz faizdir”

İclasda dövlət rüsumları ilə bağlı müzakirələr də aparılıb. Deputat Sabir rüstəmxanlı müzakirə zamanı deyib ki, ictimaiyyətin narahatlığı nəzərə alınmalıdır: "Rüsumlar iki dəfə artıb ki, bu əhalini narahat edir və narazı salır". 

Bu zaman  İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deputatın fikirlərini təkzib edib. 

S.Rüstəmxanlı isə komitə sədrinə yönəlik bildirib ki, hər bir deputat dediyi sözün məsuliyyətini daşımalıdır: "Əgər mən o sözü demişəmsə, havadan deməmişəm. Gərək, Tahir bəy də fikrini əsaslandırsın”.

Bundan sonra S.Rüstəmxanlı qanun layihəsinə istinad edərək, bildirib ki, rüsumlarla bağlı 5 rəqəmi, 10 rəqəmi, 25 rəqəmi, 50 rəqəmi, 35 rəqəmi 70 rəqəmi ilə, 45 rəqəmi 90 rəqəmi ilə, 10 rəqəmi 20 rəqəmi ilə əvəz olunub.

“Bunları yazmağa mənim səbrim çatmadı. Orta məktəb hesabı ilə bunlar yüz faizdir. Burda 50-70 faiz də var. Bunlar iki dəfə artıb. Hörmətli komitə sədri hansı əsasla deyir ki, iki dəfə artım yoxdur?”, - millət vəkili vurğulayıb.

T.Mirkişili S.Rüstəmxanlıya belə cavab verib: "Sabir bəy 2-3 dəfə artım demişdi. 2-3 dəfə arasında çox böyük artım dedi. Xahiş edirəm stenaqrama bir də baxın!”.

Deputat DTX əməkdaşlarının maaşının artırılmasını təklif edib

İclasda deputat Fazil Mustafa Dövlət Təhlükəsizlik Xidmətinin fəaliyyətindən danışıb. F.Mustafa deyib ki, DTX-nin aktiv fəaliyyəti Vətən müharibəsində də diqqət çəkib: "Əvvəllər DTX sahibkarları incidən və digər mənfi əməllərlə yadda qalıb. Bu baxımdan hazırda bu qurumun fəaliyyəti təqdir olunmalıdır”.

Fazil Mustafa kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti sayəsində çalışan insanların maaşlarının artırılması, mənzil-məişət məsələlərinin həlli üçün büdcədən daha çox vəsait ayrilmali olduğunu deyib: “Bu 5 faiz məsələləri ilə onları gündəmə gətirməyək”.

Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli isə deyib ki, 5 faiz məhz büdcədən ayrılır, həmin qurumların əməkdaşların sosial müdafiəsini gücləndirmək və maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə o qurumların xəzinə hesabına köçürülür.
Milli Məclisin iclasında gündəlikdə olan digər məsələlər müzakirə olunub, qanunlara dəyişikliklər qəbul edilib. 

Müəllif: Anar Bayramoğlu