"/>

Milli Məclis üzvləri Ərdoğanın çıxışı haqqında: <font color=red> "Hər kəs başa düşdü ki..."</font>

Siyasət

18.06.2021 - 10:22

Türkiyə liderinin Bakı mesajları: Xəbərdarlıq ismarıcları çatdırıldı, tövsiyyələr verildi

 

Xəbər verdiyimiz kimi, Şuşa Bəyannaməsinin imzalanmasının ardından, Azərbaycanda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Məclisdə deputatlar qarşısında çıxış edib. Bildirib ki, Qarabağda yaşanan böhranlı dövrdə kimlərin əlinə nə keçdiyi, kimlərin bu işdən qazanclı çıxdığı, kimlərin də itirdiyi çox yaxşı bilinir: “İşğal altındakı torpaqlar otuz il sonra, çox şükür, yenidən sahiblərinə qovuşdu. Bu müqəddəs Vətən müharibəsi dövründə Türkiyə həm dövlət, həm də millət olaraq bütün qəlbi ilə Azərbaycanın yanında yer alıb. Bu gün də bütün imkanlarımızla Azərbaycanın yanındayıq, bütün dünya bilsin ki, inşallah, sabah da yanında olacağıq”.

 

Zəngəzur dəhlizinin əhəmiyyətindən danışan Türkiyə lideri qeyd edib ki, Naxçıvan ilə Bakını birləşdirəcək bu dəhlizin bölgəmizə gətirəcəyi rahatlığın və zənginliyin tərifi mümkün deyil: “Bölgəmizdə və bütün dünyada zalımın zülmünün əbədi olmadığı, bir gün mütləq haqqın, ədalətin bərqərar olacağı hər kəsə məlumdur. Qarabağ, eyni zamanda, dünyanı öz siyasi və iqtisadi maraqlarının arenası olaraq görənlərin hesablarının pozulduğu yerdir. Üstəlik, bütün bu proseslər Azərbaycan ilə birlikdə Ermənistan üçün də yeni dövrün başlanğıcıdır”.

 

Göründüyü kimi, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana dəstəyini əsirgəməyən qardaş dövlətin başçısı Şuşa Bəyannaməsinin ardınca Bakıda da mühüm mesajlar verib, dünya ictimaiyyətinə önəmli çağırışlar edib.

 

AYNA Ərdoğanın çıxışı ilə bağlı Milli Məclisin deputatlarının təəssüratlarını öyrənib.

No description available.

Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nəsib Məhəməliyev deyib ki, bütün dünya Türkiyə-Azərbaycan münasibətlərində keyfiyyətcə yeni mərhələnin başlanğıcına şahidlik edir: “İlk növbədə onu vurğulayım ki, Şuşa Bəyannaməsi tarixi bir Bəyannamədir. Prezident İlham Əliyevin də söylədiyi kimi, 100 ildən sonra bu bəyannamənin imzalanması yeni Qars müqaviləsi ilə bərabər tutula bilər. Gələcək münasibətlərin strateji yol xəritəsi kimi qiymətləndirilməlidir. Həm milli, həm də regional təhlükəsizlik baxımından olduqca əhəmiyyətli bir sənəddir”.

 

“Ələxüsus da, Ermənistanda müharibə çağırışları edən, revanş arzusunda olan qızğın başların söndürülməsi istiqamətində mühüm əhəmiyyətə malik sənəddir. Cənubi Qafqazda geosiyasi maraqları olan qüvvələrə də ciddi mesaj verildi. Bu, Türkiyə-Azərbaycan münasibətlərində keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır. Türkiyə 44 günlük Vətən müharibəsində Azərbaycana göstərdiyi hərətərəfli dəstəyi bu gün də davam etdirir və bu, iki qardaş ölkə arasında münasibətlərin daha da güclənməsinə xidmət edəcək”, - deyə deputat bildirib.

 

Onun sözlərinə görə, Ərdoğanın Milli Məclisdəki çıxışı olduqca xoş təəssürat yaradıb: “Ərdoğan qardaş ölkənin rəhbəri, eyni zamanda dünya siyasi arenasında xüsusi çəkiyə malik bir şəxsiyyət kimi, beynəlxalq ictimaiyyətə vacib mesajlar çatdırdı. Gələcəkdə hər hansı bir katakilizmin olmaması üçün ciddi xəbərdarlıqlar etdi. Hesab edirəm ki, NATO Zirvə Sammiti çərçivəsində ABŞ, Almaniya və Fransa rəhbərləri ilə dördtərəfli təmaslardan sonra Azərbaycana gələn Ərdoğanın inamlı çıxışı və orada xüsusi olaraq Dağlıq Qarabağ konfliktinin bitməsini söyləməsi tarixi addım idi”.

 

Məhəməliyev Ərdoğanın çıxışında region dövlətlərinə də xəbərdarlıq mesajları olduğuna diqqət çəkib: “Ermənistana gələcəyə baxmaq üçün tövsiyyələr verildi. Mehriban qonuşuluq şəraitində iqtisadi münasibətlərin davam etdirilməsinin, kommunikasiya xətlərinin qurulmasının, qonşu dövlətlərə qarşı ərazi iddialarından əl çəkməyin vacibliyi xatırladıldı. Bütün bunlar nəticə etibarilə sülhə xidmət edir”.

 

“Şuşa Bəyannaməsi Azərbaycanla iqtisadi, siyasi, hərbi və bütün sahələrdə əməkdaşlığı dərinləşdirəcək ki, bu da öz növbəsində iki xalqın gücünə əlavə güc qatacaq. Daha strateji yanaşsaq, Türk Dünyasının inteqrasiyasının genişləndirilməsi baxımından da münbit şərait yaradacaq. Azərbaycan və Türkiyə prezidentləri – İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın son dövrlər yürütdüyü prtaqmatik və cəsarətli siyasət dünyada yeni reallıqlar yaradıb və bundan ən çox qazanan Azərbaycan və Türkiyə xalqları, bütövlükdə Türk Dünyasıdır”, - deyə həmsöhbətimiz fikrini yekunlaşdırıb.

No description available.

Milli Məclisin digər deputatı, tarixçi alim Anar İsgəndərov 15 iyun tarixinin həm Milli Qurtuluş Günü, həm də Şuşa Bəyannəməsi ilə tarixə düşdüyünə diqqət yönəldib: “44 günlük Vətən müharibəsi nəticəsində Qarabağın, o cümlədən Şuşanın işğaldan azad olunmasında Türkiyənin əvəzsiz rolu olub. Təsadüfi deyil ki, bu Bəyannamədə Qars müqaviləsi xatırlanır. Hər kəsə məlumdur ki, 1921-ci ilin oktyabrında Qars müqaviləsi imzalanıb. Bu müqaviləni imzalayan bir tərəfdən Azərbaycan SSR, Ermənistan SSR, Gürcüstan SSR, qarşı tərəfdən isə Türkiyə Respublikası idi. Əslində, üç ittifaq ölkəsinə moderatorluğu SSRİ rəhbərliyi, rəsmi Kreml edirdi. Həmin müqavilənin 6-cı bəndinə görə, Naxçıvan həm Azərbaycanın tərkibində qalır, həm də muxtariyyət statusu əldə edirdi”.

 

“Bu, birmənalı olaraq Türkiyənin, Mustafa Kamal Atatürkün xidməti idi. 1914-cü ildə Birinci Dünya müharibəsi başlayanda bir tərəfdə Rusiya, digər tərəfdə isə Osmanlı döyüşürdü. Azərbaycan müsəlmanları Rusiyanın təbəəsi olmalarına baxmayaraq, gizli yollarla da olsa, öz qardaşlarına dəstək verirdilər. Soydaşlarımız Çanaqqalada qəhrəmanlıq göstərdilər və şəhidlik zirvəsinə yüksəldilər. 1918-ci ilin martında soydaşlarımız qırğına uğradıldı. Qısa müddət sonra isə Azərbaycan öz müstəqilliyini elan etdi. Biz bütün bu proseslərdə Türkiyənin dəstəyini hiss etdik”, - deyə deputat vurğulayıb.

 

İsgəndərov xatırladıb ki, tarixin bütün dövrlərində Türkiyə və Azərbaycan bir-birinə qardaşlıq dəstəyi göstərib: “Bu gün də tarix təkrar olunur və Şuşa Bəyannaməsinin imzalaması bunun bariz nümunəsidir. Cənab Ərdoğan açıq şəkildə bildirdi ki, Azərbaycan və Türkiyə qardaş dövlətlərdir və ölkəsi hər zaman Azərbaycana dəstək verəcək. Milli Məclisdə Ərdoğanın açıqlaması Şuşa Bəyannaməsinin izahı olaraq bir daha bütün dünyaya çatdırıldı. Bu çıxış Azərbaycan Parlamentində bəyan olunsa da, beynəlxalq ictimaiyyətə ünvanlanırdı. Bir daha vurğulandı ki, Türkiyə qardaş Azərbaycanın ədaləti əldə etməsi üçün hərəkətdədir və həmişə belə olacaq”.

 

“Bu, regionda aranı qatmaq, öz çirkin məqsədlərini həyata keçirmək niyətində olan qüvvələrə açıq mesaj idi. Nəhayət, hər kəs başa düşdü ki, Azərbaycana qarşı çıxan önündə Türkiyəni, Türkiyəyə qarşı çıxan isə önündə Azərbaycanı görəcək. Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin səyləri nəticəsində dünyada yeni nizam yaranıb və bu nizam Türk Dünyasının əzəmətini bir daha nümayiş etdirir. Bu, təkcə hərbi və siyasi mənada deyil, həm də iqtisadi baxımdan regionun qarşısında yeni imkanlar açacaq. Yaxın zamanlarda Qarabağda quruculuq işləri sürətləndiriləcək və bir müddət sonra biz cənnət Qarabağı görəcəyik”, - deyə həmsöhbətimiz fikrini tamamlayıb.

Müəllif: Azər Niftiyev