“Onun şərəfinə biz dünyaya bir az daha çox mərhəmət gətirməyə çalışacağıq - hər gün etdiyi kimi"
Təsirli çıxışları ilə tanınan amerikalı hakim Frank Kaprio 88 yaşında vəfat edib. AYNA.AZ xəbər verir ki, bu barədə onun rəsmi “Facebook” səhifəsində məlumat yerləşdirilib.
Açıqlamada hakimin mədəaltı vəzi xərçəngindən öldüyü vurğulanıb.
Mətndə deyilir: "Onun mirası ilham verdiyi saysız-hesabsız xeyirxahlıq aktlarında yaşayır. Onun şərəfinə biz dünyaya bir az daha çox mərhəmət gətirməyə çalışacağıq - hər gün etdiyi kimi".
Frank Kaprio 38 il Rod-Aylenddəki Providens Bələdiyyə Məhkəməsində çalışıb.
Hakim fraqmentləri sosial şəbəkələrdə yayılan "Providencedə tutuldu" realiti-şousunda iştirakı sayəsində şöhrət qazanıb. Ümumilikdə onun “TikTok” da daxil olmaqla müxtəlif platformalarda 1,6 milyon izləyicisi var.