"Nurlanın tək amalı, məqsədi elm uğrunda yaşamaq, bildiklərini insanlara aşılamaq olmuşdu"
8 yaşında idim. 1996 cı ilin soyuq və şaxtalı fevral ayının sıradan günlərindən biri idi. Amma həmin gün günəş bir başqa parlayırdı. Parlaq şüaları ilə hər yeri isitmişdi. Sən demə mənim günəşim doğubmuş. Tanrıdan dilədiyim dua nur olub yer üzünə enibmiş. Yolunu səbirsizliklə gözlədiyim, balaca qardaşım Nurlan dünyama gəlmişdi. Yalnızlığım, həsrətim sona çatmışdı. Artıq tək oyunlar oynamayacaq, tək qalmayacaq, tək nağıllar oxumayacaq, tək xəyallar qurmayacaqdım. Uşaqlığım daha maraqlı, daha gözəl olacaqdı. Bundan sonra hər kəsə "Mənim balaca qardaşım var" deyəcəkdim.
Elə də oldu. Nurlanı ilk qucağıma aldığım gün, özüm uşaq olmağıma baxmayaraq, sanki böyüdüm. Daha məsuliyyətli, daha yetkin oldum. Axı mən böyük bacı olmuşdum. Qollarımın arasında bapbalaca bir körpə tutsam da, sanki dünyanı mənə vermişlər, kainatı qucaqlamış kimi sevinirdim. O isə dünyadan xəbərsiz, mışıl-mışıl yatmışdı. Körpə üzündə sanki bir nur, işıq var idi. Elə buna görə də ona Nurlan adını verdim. Mənim dünyamın nuru, işığı olsun deyə. Onun həyatı daim nurlu olsun deyə.
Beləcə aylar, illər ötdü, zaman keçdi. Mən onun ilk qığıltısını eşitdim, ilk gülüşünü gördüm. Əlindən tutub gəzməyi, dil açıb danışmağı öyrətdim. Bərabər oyunlar da oynadıq, birlikdə zaman keçirdik, bir yerdə nağıllar da oxuduq, xəyallar da qurduq. Özümü onun həmyaşıdı, dostu kimi hiss etdim.
Nurlan hər gün bir az daha böyüyür, boy atır, yaşa dolurdu. Anamızı itirdiyimizdə Nurlanın 11, mənim isə 18 yaşım var idi. Bir uşaq üçün ananın vəfatı nə qədər ağır travmalı olur Nurlanda gördüm. Balaca, həssas qəlbli, kövrək bir uşağın necə qorxduğunu, çarəsiz qaldığını Nurlanda gördüm. Və elə o andan da Nurlanın təkcə dostu, sirdaşı, bacısı yox, həm də anası oldum. Körpəmi bir an tək qoymadım, hər anında, sevincində, kədərində, hər işində yanında oldum, dəstək oldum. Ona anasızlığını hiss etdirməməyə çalışdım. Və beləcə bizim aramızda sözlə ifadə edilməyəcək bir bağ yarandı. Qan bağından əlavə, can bağı.
İllər keçdikcə Nurlan böyüyür, püxtələşir, uğurları, nailiyyətləri daha da artırdı. Amma ruhən hələ də 11 yaşında anasını itirmiş, həssas qəlbli, kövrək, həyatdan incik Nurlan idi. Mənim isə gözümdə bapbalaca körpə. Bütün bunlara, həyatın çətinliklərinə, əziyyətlərinə baxmayaraq, özünə həyatda çox uğur, hörmət, sevgi qazanmışdı. Öyrənməyə, öyrətməyə, elmə olan həvəsi, sevgisi, istəyi bir an olsun dinmirdi. Nurlan çox az yaşında oxuduqca öyrənmək, öyrəndikcə öyrətmək, öyrətdikcə sevgi və hörmət qazanan gənc elm adamına çevrilmişdi. Ətrafına elm, işıq saçırdı. Tək amalı, məqsədi elm uğrunda yaşamaq, bildiklərini insanlara aşılamaq olmuşdu. Elə qəlbindəki sonsuz insan sevgisi də bundan irəli gəlirdi. Maraqlı söhbətləri, ağıllı fikirləri, təmkini, mülayim səs tonu ilə sanki insanı sehrləyir, özünə valeh edirdi. Nurlan haqqında saatlarla danışsam, yenə az olar. Onsuz da ona olan bağlılığım, sevgim sözlərlə ifadə edilməyəcək qədərdir. Özü də hər zaman mənim haqqımda danışanda "Bizim aramızda elə bir bağ var ki, bunu kəlmələrlə çatdıra bilmərəm" deyirdi.
Onun haqqında xatirələrimi paylaşmağa bir ömür belə yetməzkən, o 25 illik ömrünə nələri sığdırdı. Anamı 18 yaşında itirsəm də, mən Nurlanı itirdikdən sonra yetimliyin nə olduğunu bildim. O mənim anam, atam, bacım, qardaşım, dostum, sirdaşım idi. O mənim ilk övladım idi. Nurlan haqqında keçmişdə danışmaq istəmirəm. O mənim keçmişim, bu günüm, gələcəyimdir. Nurlan heç solmayan bir çiçək, heç sönməyən bir işıq, əbədi yaşar xatirədir. Qazandığı nailiyyətlər, aldığı adlar, yazdığı kitab və məqalələr, oxuduğu universitetlər, fərqlənmə diplomu, sertifikatlar, qatıldığı konfranslar, müsahibələr, proqramlar və s... Bütün bunlardan öncə və ən vacibi o mənim həssas, duyğusal, kövrək qəlbli, problemlərə inad həyatla mücadilə edən dostumdur, bapbalaca qardaşımdır. Onun ətri, səsi, qara gözləri dünya durduqca mənimlə yaşayacaq. 25 il öncə həyatıma doğan günəş, əbədi atəş olub qəlbimdə alovlandı. Mən yaşadıqca, o atəş heç sönməyəcək. Mən yaşadıqca, Nurlan da yaşayacaq…
Günel Əliyeva