“Bu bəyanatlar nəinki tamamilə yalandır, həm də xanım Trampın reputasiyasına düzəlməz ziyan vurur”
ABŞ-ın birinci xanımı Melaniya Trampın vəkilləri keçmiş dövlət başçısının oğlu Hunter Baydenə onu mühakimə olunmuş pedofil Cefri Epşteynlə əlaqələndirən “yalan” və “böhtan” ifadələrini geri götürmək üçün rəsmi tələb göndərib. AYNA.AZ xəbər verir ki, bu barədə “Fox News” telekanalına mənbələr məlumat verib.
Avqustun 5-də kiçik Bayden “YouTube”da bir video yerləşdirib və Melaniyanı Donald Trampla tanış edənin məhz Epşteyn olduğunu söyləyib.
“Bu bəyanatlar nəinki tamamilə yalandır, həm də xanım Trampın reputasiyasına düzəlməz ziyan vurur”, – vəkillər məktubda bildiriblər.
Mənbələrə görə, Hunter Bayden məlumatı təkzib etməsə, Melaniya Tramp bir milyard dollar təzminat tələbi ilə məhkəməyə müraciət edəcək.
Mənbələrin “Fox News”a verdiyi məlumata görə, müəyyən edilmiş ultimatum müddəti avqustun 7-də başa çatıb. Onların sözlərinə görə, kiçik Bayden Trampın həyat yoldaşının iddiasına məhəl qoymayıb və bu, məhkəmə prosesini demək olar ki, qaçılmaz edir.