Məktəblərdə qanunsuz yığım, könüllü yardım və məmurların “yəqin”i

Cəmiyyət

24.12.2021 - 20:48

Hətta nazirin özü belə, qeyri-qanuni pul tələbləri ilə üzləşib, amma problem hələ də həllini tapmır

Ötən əsrin 70-ci illərində çəkilmiş sovet filmi “Koroli i kapusta” Latın Amerikasında, demək olar ki, hər il hərbi çevrilişlərin baş verdiyi bir ölkədən bəhs edir. Yeni hökumət yaradılır və demək olar ki, hər yeni nazir rüşvətxorluğa qarşı amansız mübarizə elan edir, amma sonda özü də korrupsiyaya bulaşır.

21 dekabr 2021-ci il tarixində keçirilən brifinqdə Azərbaycanın təhsil naziri Emin Əmrullayev məktəblərdə pul yığılmasının qanunsuz olmasından danışıb: “Azərbaycanda pulsuz icbari təhsil var. Mən məktəbdə oxuyanda da oxşar hallarla rastlaşırdıq. Bu, cəmiyyətimizdə xroniki bir problemdir. Mən rüşvətin əleyhinəyəm, şəffaf sistem ortaya qoymalıyıq ki, valideyn təhsilin inkişafı üçün əlavə bir manat da verməsin. Əgər haradasa pul yığımı həyata keçirilirsə, bu, məcburi deyil, könüllü olmalıdır”.

Xatırlatmaq istərdik ki, bu vəzifəyə təyin olunan hər bir təhsil naziri məktəb haqlarının qanunsuz olduğunu bəyan edib. Lakin bu səs-küylü bəyanatlara baxmayaraq, uşaqların valideynlərindən daim "məktəb fondu" adlandırılan vəsaitə pul ödəmələri tələb olunurdu.

Təhsil eksperti Kamran Əsədov AYNA-ya şərhində deyib ki, “Təhsil haqqında” qanunun 34-cü maddəsinə əsasən, şagirdlərin valideynləri övladlarının oxuduğu məktəbə könüllü maddi yardım göstərə bilərlər: “Ancaq bu pulları əldən-ələ vermək olmaz. “Təhsil haqqında” qanunun 38-ci maddəsinə uyğun olaraq, vəsait məktəbin bank hesabına köçürülə bilər”.

Həmsöhbətimizin sözlərinə görə, o, məktəblərdə qanunsuz pul tələb etmək faktları ilə şəxsən də üzləşməli olub: “Uşaqlarım 255 saylı məktəbə gedirdi. Üç il əvvəl oradan da hansısa məktəb fondu üçün pul yığırdılar. Mən ödəməyə hazır olduğumu bildirdim, ancaq bir şərtlə ki, pulun köçürülməsi üçün bank hesabından qəbzlər təqdim olunsun. Bundan sonra bu məktəbdə fond üçün pul yığılması dayandırıldı”.

Amma məlum olduğu kimi, bəzi məktəblərdə hələ də valideynlər qanunsuz ödənişlər etmək məcburiyyətində qalırlar.

Bakıda yaşayan, qızı 67 saylı məktəbdə oxuyan Həbibə Qafarovanın dediyinə görə, 2019-cu ildə bu təhsil ocağında qanunsuz pul yığımı faktı ilə üzləşib: “O zaman qızım ilk dəfə məktəbə gedirdi. Məktəbdə fəaliyyət göstərən Müəllimlər və Valideynlər Assosiasiyası valideynlərdən “məktəb fondu”na hər ay bir manat ödəməyi tələb edib. Eyni zamanda, kimsə bizə bunun üçün hansısa qəbz vermək fikrində deyildi. Digər valideynlər və mən onların tələblərinə əməl etdik. Sonra pandemiya başladı və dərslər müvəqqəti olaraq dayandırıldı”.

“Məktəblərdə təhsilin bərpasından sonra rüsumlar da yenilənib. Bu dəfə də Assosiasiya hər ay üçün bir manat tələb edirdi, amma indi bizdən bir il öncədən ödəniş tələb olunurdu. Bütün valideynlərdən 12 ay öncədən bir manat götürsəniz, böyük məbləğ əldə edirsiniz. Mən ödəməkdən imtina etdim və hadisəni Təhsil Nazirliyinə bildirdim. Şikayətimdən sonra Bakı Şəhər üzrə Təhsil İdarəsinin daxili nəzarət şöbəsindən məktəbə iki nəfərdən ibarət komissiya gəldi. Onlar bizimlə və digər valideynlərlə görüşdülər. Çoxları qanunsuz pul yığılması faktını təsdiqlədilər. Amma təəssüflər olsun ki, bu cür qanunsuz pul tələb edən şəxslərə qarşı heç bir tədbir görülmədi”, - deyə müsahibimiz bildirib.

Vəkil Əsabəli Mustafayev AYNA-ya açıqlamasında söyləyib ki, məktəblərdə şagirdlərin valideynlərindən pul yığması rüşvətə bərabərdir: “Söhbət xüsusilə külli miqdarda rüşvətdən gedirsə, o zaman Cinayət Məcəlləsinə görə, cəza 14 il müddətinə azadlıqdan məhrum edilmə ola bilər”.

Başqa bir vəkil Kamandar Nəsibovun sözlərinə görə, valideynlər rüşvət faktı ilə bağlı Təhsil Nazirliyinə məlumat veriblərsə, Nazirliyin əməkdaşları bu barədə hüquq-mühafizə orqanlarına məlumat verməyə borcludurlar.

Maraqlıdır, 67 saylı məktəbdə qanunsuz pul tələb olunması faktı ilə bağlı valideynlərin şikayəti üzrə Təhsil Nazirliyi hüquq-mühafizə orqanlarına məlumat veribmi? Qurumun mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov müvafiq sualımıza belə cavab verib: “Mən bilmirəm. Amma yəqin ki, bu məsələ ilə Təhsil Nazirliyinin müvafiq strukturları məşğul olacaq”.

İnanmaq istərdik ki, bu “yəqin” altında təhsil məmurlarının konkret addımları dayanacaq, çünki radikal tədbirlər olmadan hətta nazirin özünün də üzləşdiyi qanunsuz pul yığımı ilə bağlı vəziyyəti düzəltmək mümkün deyil...

Müəllif: Rəşad Rüstəmov