Məktəb psixoloqları üçün ixtisasartırma təlimlərinə başlanılıb

Xəbərlər

23.12.2020 - 12:52

Təlimlər dekabrın 25-dək davam edəcək

 

Şagirdlərə distant psixoloji dəstəyin göstərilməsi məqsədilə məktəb psixoloqları üçün ixtisasartırma təlimlərinə start verilib. Təlimlər dekabrın 25-dək davam edəcək.

 

Bu barədə AYNA-ya Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, Təhsil Nazirliyi və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən təlimlərin əsas məqsədi şagirdlərə onlayn psixoloji dəstəyin göstərilməsi üçün məktəb psixoloqlarının bilik və bacarıqlarının artırılmasıdır.

 

Təlimlərə ölkə üzrə 800 məktəb psixoloqu cəlb olunub. Təlimlər Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşları tərəfindən “MicrosoftTeams” platforması üzərindən keçirilir.

 

Xatırladaq ki, bu günədək “Distant psixoloji məsləhət prosesinə giriş”, “Psixoloji məsləhət prosesinə başlayarkən”, “Onlayn təlim və superviziya”, “Onlayn psixoloji məsləhətdə müraciət edən şəxsi məlumatlandırma”, “Onlayn terapiyada psixodiaqnostik vasitələrin tətbiqi” mövzularında təlimlər keçirilib.

Müəllif: Ayna.az