“Məhəlləmizdə göyərti satanlar artıq gəlmirlər” – <font color=red> Karantin qeydləri</font>

Cəmiyyət

29.03.2020 - 10:35

Paytaxtla bölgələr arasında gediş-gəlişin məhdudlaşdırılması həyatımıza necə təsir edir?

 

Günlərdir Azərbaycanda xüsusi karantin rejimi hökm sürür. İnsanlara tövsiyə edilir ki, vacib işləri olmadığı halda evdən çölə çıxmasınlar. 65 yaşdan yuxarı insanlara isə evdən çölə çıxmaq qəti qadağandır. Üstəlik, martın 28-dən etibarən xüsusi karantin rejimi gücləndirildi, məhdudiyyətlərin çərçivəsi daha daraldı.

 

Xüsusi karantin rejiminin əsas tələblərindən biri Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ilə bölgələr arasında gediş-gəlişin dayandırılmasıdır. Bu qərar bəzi narazılıqlar doğurmaq istisna olmaqla, cəmiyyətin böyük əksəriyyəti tərəfindən təqdir olunur.

 

Bəs, paytaxtla bölgələr arasında gediş-gəlişin məhdudlaşdırılması həyatımıza nə kimi təsir edir? Xüsusilə bu, bölgələrdə necə hiss olunur? Əsas çətinliklər özünü hansı sahələrdə göstərir?

 

AYNA bu mövzuda sosial şəbəkə istifadəçilərinin fikrini öyrənib. Nəticələri təqdim edirik:

 

Narxanım Rəşidova: “Öncə stress yaşadım. Çünki rayonda idim və Bakıya qayıda bilmirdim. Həm də körpə uşaqla. Çox sükür, geri qayıda bildik”.

 

Fəxri Abbasov: “Karantin rejimi təhlükəsizlik üçün önəmlidir. Lakin bundan əvvəl apteklərə maska və spirt verilsin. İnsanlar apteklərdən maska və spirt tapa bilmirlər. Daha sonra küçəyə çıxmağı qadağan eləsinlər”.

 

Bəkir Osmanov: “Səhər məhəlləyə qatıq, göyərti və digər məhsullar gətirən şəxslər artıq gəlmir deyə, məcbur marketdən gübrəli tərəvəzlər alıb yeyirik”.

 

Elvin Əliyev: “Mən virusun daha çox yayılması ehtimal edilən rayonlardan olan Biləsuvarda yaşayıram. Müvəqqəti çətinlikdə olsa da, paytaxt ilə bölgələr arasında gediş-gəlişin məhdudlaşdırılmasını dəstəkləyirəm. Bütün bu tədbirlər bizlərin təhlükəsizliyimiz üçündür”.

 

Aynur Cavid: “Mənim üçün vəziyyət çox qarışıqdır. Məcburi köçkünəm. Qeydiyyatım Ağdam rayonunadır. Dövlət isə evi Saatlıda verib. Müvəqqəti qetdiyyatım Saatlıyadır. Qobustanda işləyirəm və kirayə yaşayıram. Üç gündür həkimə getməyə maşın tapa bilmirəm. Dünəndən yığışıb rayondakı evimə qayıtmaq istəyirdim. Amma rayonlara girişi dayandırıldı”.

 

Şahpəri Abbasova: “Bacım müayinə üçün Zaqatalaya getməli idi. Yollar bağlandığından gedə bilmədi”.

 

Günel Balayev: “Evdəyik, nə qonaq gedirik, nə də qonaq qəbul edirik. Qaydalara ciddi riayət edirik. Təəssüf ki, ətrafımızda bu məsələni ciddiyə alanlardan çox, almayanlar var. Küçələrdə çox insan görmək olar. Bu da qorxulu hallara gətirib çıxara bilər”.

 

Sevinc Süleymanova: “Heç bir çətinlik yoxdur. Öncədən xəbərdarlıq edilmişdi, kimin evi, rahat şəraiti haradadırsa, planlı şəkildə gedib-qayıtdı. İndi də bütün ərzaq ehtiyatımızı alıb yığmalıyıq ki, marketə tez-tez getməli olmayaq. Gigiyena qaydalarına əməl edib, evdən çıxmamaq laızmdır. Əks halda ailə üzvlərimizi və ətrafdakıları yoluxdura bilərik. Nəzərə alaq ki, sizin immunitetiniz güclü olsa belə, yoluxdurduğunuz adamın immuniteti zəif ola bilər, xroniki xəstəliyi ola bilər. Mənim üçün çox yaxşı oldu. Qaydalara əməl etsək, rayonda evdə oturmaq daha səmərəli və rahatdır. D vitamini, təbiət oyanır, fiziki işlə məşğul olmaq olur. Bircə qonaq gedib-gəlməyi yığışdırsalar, hər şey yaxşı olar”.

 

Rövşən Babayev: “Evdə oturmaq yaxşıdır. Amma heç kim insanlara “necə dolanacaqsız?” sualını vermir. Kasıb insanlar, gündəlik gəlirləri ilə ailələrini dolandıran insanlar necə olsun, bəs? Koronavirus əvəzinə aclıqdan ölsünlər? Qərar çıxarmazdan öncə kasıbları nəzərə almaq lazımdır”.

Müəllif: Təranə Xudabaxşiyeva