Ülviyyə Kərimova “Mədəniyyət” telekanalının direktoru vəzifəsinə təyin edilib
"Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin “Mədəniyyət” telekanalına yeni direktor təyin olunub.
AzTV-nin sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən AYNA-ya verilən məlumata görə, bununla bağlı QSC-nin sədri Rövşən Məmmədov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Əməkdar incəsənət xadimi Ülviyyə Oqtay qızı Kərimova QSC-nin nəzdində fəaliyyət göstərən “Mədəniyyət” telekanalının direktoru vəzifəsinə təyin edilib.
O, 2019-cu ilin oktyabrından indiyə qədər "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin baş rejissoru vəzifəsində çalışıb.
Qeyd edək ki, əvvəllər telekanala Əməkdar artist Ramil Qasımov rəhbərlik edib. O, mədəniyyət naziri Anar Kərimovun əmri ilə 2020-ci ildə Heydər Əliyev Sarayının direktoru vəzifəsinə təyin edilib.