Maskalanmış nasistlər və ya üç rus bütün Kreml təbliğatını necə ifşa etdi - VİDEO

Aktual

20.03.2022 - 18:26

Bunlar o qədər həyasızdırlar ki, üzlərinə tüpürülsə, Allahın şehidir” deyəcəklər”

Görünən odur ki, “tərifli” rus ordusu hələ uzun müddət Ukrayna “bataqlığında” boğulacaq. Qısa müddətdə hər kəsi və hər şeyi məğlub edə bilən rus hərbçiləri haqqında Kreml tərəfindən şişirdilmiş mif bir gecədə Ukraynada sabun köpüyü kimi partladı.

Tezliklə Rusiyanın Ukraynaya təcavüzündən bir ay keçəcək və hər şey, necə deyərlər, öz yerində qalıb. Bu, həmin haldır ki, Rusiya ordusunun Ukraynaya soxulub, ordusu haqqında olan “məğlubedilməz” mifini dağıtmaqdansa, evində oturub öz xalqını, eləcə də dünya ictimaiyyətini öz Silahlı Qüvvələrinin yenilməzliyi haqqında “dəhşət hekayələri” ilə qidalandırmaqda davam etdirməsi daha yaxşı olardı.

Ukrayna əsgər və zabitlərinin əzmli müqaviməti təkcə Rusiya Silahlı Qüvvələri üçün deyil, həm də müharibəni başlatmış olan onun ali komandanı, prezident Vladimir Putin üçün tamamilə sürpriz oldu. Müdaxilədən əvvəl Vladimir Putin, eləcə də mediası Ukrayna “nasistlərini” bir neçə günə bitirəcək qüdrətli ordu imicini fəal surətdə zehinlərə həkk edirdi. O, həmçinin “xüsusi hərbi əməliyyatın” yalnız Donbass daxilində baş tutacağını iddia edirdi. Bəs biz həqiqətdə nə görürük?

Rusiya Silahlı Qüvvələri Donbasdan kənarda yerləşən şəhərləri - Kiyev, Çerniqov, Nikolayev və s. bombardıman edir. Rus əsgərlərinin sırf hərbi obyektləri bombalaması barədə Rusiya rəhbərliyinin və jurnalistlərin xalqı yedizdirdiyi dezinformasiyaların davam etməsinə baxmayaraq, Ukraynada dinc sakinlər ölür.

İş o yerə çatıb ki, “yüksək dəqiqlikli” silahlar Mariupolda mülki əhalinin gizləndiyi doğum evini və dram teatrını dağıdıb. Amma saxtakarlıq edən Rusiya mediasının, xüsusən də telekanalların “maxovik”inin qarşısını almaq mümkün deyil.

Müxtəlif siyasi tok-şouların aparıcıları və qonaqları yalana birtəhər həqiqət siması geyindirməyə belə, cəhd etmirlər. Rusiya teleaparıcıları və politoloqları isə yuxarıda qeyd olunan mülki obyektlərin dağıdılmasının görüntüləri bütün dünyaya yayılsa da, Ukrayna tərəfini həyasızcasına dezinformasiyada ittiham edir. Rus təbliğatı doğum evinin boş olduğunu, “millətçi” “Azov” batalyonunun döyüşçülərinin dram teatrında gizləndiyini söyləməkdən başqa daha ağıllı bir şey tapmadı.

Rus agitprop öz vətəndaşlarına, ilk növbədə, rus işğalçılarını “sülhməramlı” və “xilaskar” kimi təqdim etmək üçün əlindən gələni edir. Bunun əksini sübut etmək üçün oxuculara iki video təqdim edirik. Birincisini də, ikincisini də ruslar lentə alıblar, yeganə fərq odur ki, biri iyrənc bir şəkildə səhnələşdirilib, digəri isə “xilaskarlar”ın əsl mahiyyətini əks etdirir.

İlk videoda evin həyətinə “kadırovçular” daxil olur və burada onları “səmimi minnətdarlıq”la qarşılayırlar. Ev sahibləri sevincdən az qala ekstaza düşür və çeçenlərdən Çeçenistanın rəhbəri Ramzan Kadırova və onun ağası Vladimir Putinə təşəkkür etməyi xahiş edirlər.

Xəbərdə rus əsgəri “minnətdar” insanlara çörək və konservlə yanaşır. Yəni məlum olur ki, “tuşonka” müqabilində ev sahibləri dinc əhalinin ölümünə, müharibəyə və ölkələrinin viran qalmasına göz yummağa hazırdırlar.

Budur, paltarlarında kəllə və çarpaz sümüklər şəklində şevron olan üç rus talançısını gördüyümüz ikinci video. Bir vaxtlar "Qara Rocer" pirat bayrağını belə bəzəyirdi və bu gün biz piratçılıq və soyğunçuluğun layiqli davamçılarını görürük.

“Xilaskarlar” ukraynalılar haqqında təhqiramiz danışır, onlara “ukrop” (şüyüd) deyirlər. Həm də zarafatçı və təlxək olduğu ortaya çıxan, parik taxan talançılardan biri guya ki, “Ukrayna separatçılarını” təqlid edir.

Razılaşın ki, bu “sülhməramlıların” cinayət əməlləri nasistlərin sovet evlərində, sovet əsgərlərinin isə əfqanların evlərində törətdikləri əməllərdən heç bir fərqi yoxdur. Əvvəlkilərdə hər şeyin necə bitdiyi məlumdur. Nasist Almaniyası darmadağın edildi, sonra isə SSRİ 80-ci illərdə Əfqanıstanda biabırçı məğlubiyyətə uğradı.

Ona görə də təəccüblü deyil ki, belə kadrları görəndə dünya bütün ruslara düşmənçilik və nifrətlə yanaşır - onların günahı olmasa belə. İş o yerə çatdı ki, Almaniya kansleri Olaf Şolz bu vəziyyətə diqqət yetirmək məcburiyyətində qaldı.

Belə ki, o, “Rusiyadan gələn mühacirlərin təhqir edilməsi və ya fiziki hücuma məruz qalması qətiyyən yolverilməzdir” deyib. Görünür, Almaniya kansleri hesab edir ki, “bu, Putinin müharibəsidir” və ancaq o, təhqir oluna və zorakılığa məruz qala bilər.

Beləliklə, Putinin hədsiz imperiya ambisiyaları təkcə onunla deyil, ruslarla da qəddar zarafat etdi. Və bu üç qarətçi həm öz prezidentini, həm də hər cür solovyovları, norkinləri, skabeyevaları və başqalarını zərbə altında qoydu. Ancaq bu adəçəkilən bədbəxt jurnalistlər elə vəziyyətdədirlər ki, “üzlərinə tüpürülsə, “Allahın şehidir” deyəcəklər”. Sabah onlar sözügedən videodakıların maskalanmış ukraynalı “nasistlər” olduğunu desələr, təəccüblənmərəm...

Müəllif: Fed Bakinski