Hadisə qaz sızmasından baş verib
Masallıda fərdi yaşayış evində qaz sızmasından partlayış olub. AYNA-nın APA-ya istinadən məlumatına görə, hadisə Qəriblər kəndində, 1965-ci il təvəllüdlü Bayram İbadulla oğlu Bəşirova məxsus ikimərtəbəli evdə baş verib.
Ev sahibinin yoldaşı 1961-ci il təvəllüdlü Yasəmən Kamil qızı Bəşirova qaz sobasını yandırarkən anidən partlayış baş verib və yanğın olub.
O, təcili tibbi yardım avtomobili ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Masallı Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.
Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində yanğın söndürülüb.
Qeyd edək ki, yanğın evin 2-ci mərtəbəsindən başlayıb. Faktla bağlı araşdırma aparılır.