Su planetin səthinin altında 10-20 kilometr dərinlikdə yerləşir
NASA alimləri ilk dəfə Marsda su tapıblar. O, planetin səthinin altında böyük dərinliklərdə aşkar edilib.
AYNA BBC-yə istinadən bildirir ki, alimlər NASA-nın “Insight Lander” zondunun topladığı məlumatları təhlil etdikdən sonra Marsın qabığının dərinliklərində maye sudan ibarət “köpük” olduğu qənaətinə gəliblər. Təhlilin nəticələri “Proceedings of the National Academy of Sciences” jurnalında dərc olunub.
Bildirilib ki, artıq planetdə su tapılıb, lakin maye vəziyyətdə deyil, qütblərdə buz və atmosferdəki buxar qalıqları şəklindədir.
“Mars Insight Lander” zondu 2018-ci ildə qonşu planetin səthinə enib və 2022-ci ilin sonuna qədər bir yerdə sakit qalıb, "planetə qulaq asıb" - Mars qabığının sarsıntısını qeydə almaq üçün seysmoqrafdan istifadə edilib.
Alimlər seysmik dalğaların sürətini ölçməklə onların hansı mühitdən keçdiyini yüksək ehtimalla müəyyən edə biliblər.
Layihədə iştirak edən Kaliforniya Universitetinin professoru Maykl Manqa BBC-yə “bu, əslində Yer kürəsində yeraltı su, neft və ya qaz yataqlarını tapmaq üçün istifadə edilən üsulla eynidir” deyib.
Təhlil göstərib ki, su Marsın səthinin altında 10-20 kilometr dərinlikdə yerləşir.
Professor Manqanın fikrincə, bu kəşf böyük suala qismən cavab verir: "Marsdan su hara gedir?".
Marsın səthini tədqiq edən alimlər çoxdan belə qənaətə gəliblər ki, onun üzərində vaxtilə su olub: səthdə çay və göllərin izləri var. Ancaq son üç milyard il ərzində ora səhra olub.
Suyun bir hissəsi buxarlanaraq Marsın atmosferi ilə birlikdə kosmosa uçub. Ancaq görünür, bəziləri səthin altında qalıb.
Professor Manqa xatırladıb ki, planetimizdə suyun kifayət qədər böyük bir hissəsi yerin altındadır və o, eyni şeyin Marsda baş verməməsi üçün heç bir səbəb görmür.