Mandatdan imtina, niyyətdən deyil...

Siyasət

26.07.2021 - 14:03

Arzu Nağıyev: “Köçəryan üzərinə öhdəlik götürüb və missiyası başa çatana qədər heç yerə gedə bilməz”

 

İlham Axundov: “Ermənistan cəmiyyəti nəhayət anladı ki, işğalçılıq siyasəti onları məhvə sürükləyir”

 

Xəbər verdiyimiz kimi, bloku parlament seçkilərində ikinci olan Ermənistanın keçmiş Prezidenti Robert Köçəryan deputat mandatından imtina edib. Bu barədə sosial şəbəkə hesabında yazan Köçəryan deyib ki, mandatını komandasından olan birinə güzəştə gedəcək: ““Ermənistan” alyansının rəsmi nümayəndəsi Aram Vardevanyan mandatdan imtina etməyimlə bağlı ərizəmi Mərkəzi Seçki Komissiyasına təqdim etdi. İndi yerimi komanda üzvlərindən birinə verməyim doğru olardı”.

 

Sabiq Prezident qeyd edib ki, o, parlamentdən imtina etsə də, blokun rəhbəri olaraq qalır və aktiv siyasi fəaliyyətini davam etdirəcək.

Deputat Arzu Nağıyev aztəminatlı, tənha yaşayan 50 ailəyə ərzaq yardımı  edib (FOTO)

Köçəryanın siyasi perspektivləri və digər məsələlər ətrafında AYNA-ya fikirlərini açıqlayan Milli Məclisin üzvü Arzu Nağıyev hesab edir ki, Köçəryan heç bir halda siyasi fəaliyyətdən imtina etməyəcək: “Düzdür, onun rəhbəri olduğu blok son parlament seçkilərində məğlubiyyətə uğradı. Bilirsiniz ki, Ermənistan parlament respublikasıdır və hökuməti qanunverici orqan formalaşdırır. Görünən odur ki, Nikol Paşinyanın rəhbəri olduğu blok artıq hökuməti formalaşdırmaq üzrədir. Köçəryan və onun komandası bu prosesdən kənarda qaldı”.

 

“Bu gün Köçəryan üçün ən vacib olan öz təhlükəsizliyini təmin etməkdir. Çünki bilir ki, proseslərin bu şəkildə davamı onun həbsi ilə nəticələnə bilər. Nəyin bahasına olursa-olsun, onun həbsi məsələsi gündəmə gələ bilər. Buna görə toxunulmazlıq statusunu saxlamaq üçün, eyni zamanda havadar bir neçə ölkənin təkidi ilə yenidən siyasətə qayıdır. Bundan sonra erməni radikalların lideri olaraq siyasi fəaliyyətini davam etdirəcək”.

 

Deputat söyləyib ki, həm Köçəryan, həm də lideri olduğu blokun rəhbərliyində təmsil olunan şəxslər Azərbaycanla bağlı qatı cinayətlərə yol veriblər: “Onların arasında beynəlxalq müstəvidə axtarışa verilən cinayətkarlar var. Bir daha bildirmək istəyirəm ki, Köçəryan və tərəfdarları parlamentdən uzaqlaşmaq istəmirlər ki, öz təhlükəsizliyini və toxunulmazlığını təmin etsinlər. Hökumətin formalaşmasında iştirak etməsələr də, müəyyən qanunların qəbulunda iştirak imkanlarını saxlasınlar. Əsas məsələ bundan ibarətdir”.

 

“Köçəryan aktiv siyasətdən heç zaman getməyib və belə bir fikri də yoxdur. O, çıxışları zamanı Rusiya Prezidenti Vladimir Putinlə yaxın münasibətdə olması amilini tez-tez qabardır, o cümlədən “Qarabağ klanı” tərəfindən dəstək aldığını dönə-dönə vurğulayır. Köçəryan üzərinə öhdəlik götürüb və missiyası çatana qədər heç yerə gedə bilməz. Əgər havadarlarının iradəsi ziddinə gedərsə, aqibəti çox ağır olar”, - deyə Nağıyev vurğulayıb.

İlham Axundov, “Kanada-Azərbaycan Əməkdaşlıq Assosiasiyası”nın sədri, Vaterloo Universitetinin (ABŞ) professoru

Kanadanın Vaterloo Universitetinin professoru, həmyerlimiz İlham Axundov AYNA-ya şərhində deyib ki, son parlament seçkiləri zamanı Ermənistan ictimaiyyəti Paşinyana deyil, sülh və sabitliyə səs verdi: “44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın əldə etdiyi tarixi zəfər Ermənistanda uzun illərdir formalaşdırılan illüziyaları darmadağın etdi. İşğalçılıq siyasəti üzündən Ermənistan cəmiyyəti çox şey itirdi. Əvvəla özünü bütün regional iqtisadi layihələrdən kənarda qoydu. Bunun nəticəsində erməni əhalisi dərin sosial-iqtisadi problemlər yaşadı”.

 

“Ermənistan vətəndaşları çıxış yolunu mühacirətə üz tutmaqda görürürdülər. Günlərin birində ayıldılar ki, işğal etdikləri torpaqları Azərbaycan Ordusu geri qaytarıb. İllərdir bunlara söylənilənlər yalan imiş. Və nəhayət, bundan sonra həqiqəti başa düşdülər. Seçkilərdə məğlub ölkənin başçısına yenidən etimad göstərilməsi aydın şəkildə ortaya qoydu ki, Ermənistan cəmiyyəti sülh, əmin-amanlıq istəyir. Əgər belə olmasaydı, onlar yenidən Paşinayan etimad göstərməzdilər”, - deyə professor bildirib.

 

Axundovun sözlərinə görə, Köçəryan və onun bloku “ana müxalifət” olsa da, daxili siyasi proseslərə ciddi təsir imkanları yoxdur: “Robert Köçəryanın və onun varisi Serj Sarqsyanın hakimiyyətləri erməni cəmiyyətinin yaddaşında insan hüquqlarının pozulması, sosial bərabərsizlik, avtoritar idarəetmə sistemi olaraq qalıb. Ermənilər yenidən bu həyata qayıtmaq istəmirlər və son seçkilər zamanı aydın şəkildə öz mövqeyini ortaya qoydular”.

 

“Köçəryan artıq cəlbedici siyasətçi deyil və blok rəhbəri olaraq müəyyən müqavimət yarada bilər. Lakin onun yenidən hakimiyyətə qayıtması, revanş götürməsi mümkün deyil. Hətta Paşinyanı zəiflətsələr belə, Köçəryanın arxasında duran qüvvələr gələcəkdə yeni qüvvə ortaya çıxarmalıdırlar. O ki qaldı onun açıqlamalarına, hər kəsə məlumdur ki, o, sifariş icra edir və nəyi tələb edəcəklərsə, onu da edəcək”, - deyə müsahibimiz fikrini yekunlaşdırıb.

Müəllif: Azər Niftiyev