Makronun Papadan artıq katolikliyi və ya tərəf tutan Parisin “sülhyaratma” cəhdi

Aktual

13.10.2022 - 18:12

Sabiq dövlət müşaviri: “Makron “hər zaman Ermənistanın yanındayıq” bəyanatı ilə tərəf olduğunu nümayiş etdirdi”

Fransa Prezidenti Emmanuel Makron Cənubi Qafqazda gərginliyin yaranmasında Rusiya ilə yanaşı, Azərbaycanı da ittiham edib. Ermənipərəst mövqeyindən fikirlər səsləndirən Makron qeyd edib ki, Qafqaz regionunda və onun hüdudlarından kənarda sabitliyi pozmaq səyləri çərçivəsində Ermənistan və Azərbaycan arasında bir müddət öncə baş verən son toqquşmalarda Rusiya məqsədyönlü təxribat törədib.

Maraqlıdır ki, Makron Rusiyanın Ermənistanla sərhədi olduğunu da qeyd edib: “Ermənistan və Rusiya sərhədində son iki ildə nə baş verir? 5 min rus əsgər guya Ermənistan sərhədini qoruyur, ancaq ruslar bu konfliktdən istifadə edərək, bir neçə əsrdir ki, Azərbaycan oyununu oynayır və vaxtilə yaxın olduqları Ermənistanı zəiflətməyə qayıdıb. Görürsünüzmü nə baş verir? Bu, Rusiyanın vəziyyəti destabilizasiya etmək cəhdidir. Rusiya Qafqazda qarışıqlıq yaratmaq istəyir ki, bizim hamımıza qeyri-sabitlik gətirsin”.

“Fransa Ermənistanı pis vəziyyətdə qoymayacaq. Ermənistan bizimlə unikal əlaqələri olan ölkədir. Azərbaycan sərhəd boyu bir neçə hücum həyata keçirib. Biz onları qınadıq. Biz Ermənistanı tək qoymayacağıq”, - deyə Makron Parisin ənənəvi mövqeyini yenidən təkrarlamış olub.

Fransa lideri Avropa Siyasi Birliyi zirvəsi çərçivəsində Avropa Birliyi və Fransanın vasitəçiliyi ilə dördtərəfli görüşün baş tutduğunu xatırladıb və qeyd edib ki, bu çərçivədə yeni tarixdə ilk dəfə olaraq Ermənistan və Türkiyə liderləri də görüşüb.

“Avropa Birliyi Azərbaycandan qaz alır, buna görə Azərbaycana tolerant yanaşa bilərmi” sualına isə Makron belə cavab verib: “Fransa Azərbaycandan qaz almır. Əlbəttə, Avropa Birliyinin bir neçə ölkəsinin Azərbaycanla qaz sazişi var. Amma biləsiniz ki, Fransa və Avropa Birliyinin dəyərləri qaz və ya neftə satılmır”.

Makronun timsalında rəsmi Parisin mövqeyini AYNA-ya dəyərləndirən sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli deyib ki, Fransanın ermənipərəstliyinə təəccüblənmək olmaz.

Analitik xatırladıb ki, Fransa hər zaman Ermənistana, onun işğalçılıq siyasətinə dəstək verib: “30 ildir ki, Fransa Ermənistanı dəstəkləyir, burada qeyri-adi hal yoxdur. ATƏT-in Minks Qrupunun həmsədri kimi rəsmi Parisin hansı fəaliyyət göstərdiyini görmüşük. Ermənipərəst siyasət indi də davam edir. 30 il Ermənistanın işğalçılığını dəstəkləyən Fransa indi Azərbaycanı öz ərazilərini azad etməsini “təcavüz” adlandırır. Bu, gülməlidir. İttiham olar, amma ağ yalan olmaz. Makronun dedikləri dünyanın aparıcı ölkəsinin liderinə yaraşmayan sözlərdir”.

“Ümumiyyətlə, Makronun ifadələri biyabırçılıqdır, özünü güldürməkdən başqa bir şey deyil. Ya adam ümumiyyətlə dünya xəritəsindən məlumatsızdır, ya da məlumatı var, sadəcə özünü bilməmiş kimi aparır. Dünya xəritəsini bilən biri “Rusiya-Ermənistan sərhədi” ifadəsini necə işlədə bilər? Qərəz bir yana, bu, anormallıqdır. Yaxud da, Qarabağ haqqında “beynəlxalq tanınmayan ərazi” ifadəsi işlədir. Özünün Prezidenti olduğu Fransa Azərbaycanın BMT Nizamnaməsi çərçivəsində ərazi bütövlüyünü tanıyıb axı”, Q.Hüseynli əlavə edib.

Azərbaycanı “təcavüz”də ittiham etməsinə gəlincə, sabiq dövlət müşaviri deyib ki, Makron Azərbaycanı öz dövləti ilə qarışdırmasın: “Fransanın Afrikada, Əlcəzairdə törətdiyi soyqırımılarını dünya unutmayıb. Fransanın hansı təcavüzləri etdiyini Makron unudubsa, ona bunu xatırlatmaq lazımdır”.

Politoloq qeyd edib ki, Makronun dedikləri “Papadan artıq katolik olmaq” məsəlinin oxşarıdır: “Heç Paşinyan Makron kimi danışmır. Paşinyan elə Makronun da iştirak etdiyi Praqa görüşündə Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bildirdi. Belə olan halda, makronun bəyanatı qərəzin pikidir”.

“Hesab edirəm ki, Makronun bu mövqeyinə görə rəsmi Bakı sərt etirazını bildirməlidir. Avropa Birliyi ilə yanaşı, Parisin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasındakı vasitəçilik cəhdlərindən də imtina etmək lazımdır. Makron “hər zaman Ermənistanın yanındayıq” bəyanatı ilə tərəf olduğunu nümayiş etdirdi. Tərəf olan ölkədən vasitəçi, sülhyaradan olmaz. Vasitəçi tərəfsiz və ədalətli olmalıdır. Fransa obyektiv və ədalətli vasitəçi reputasiyasını itirib”, - deyə Q.Hüseynli fikrini tamamlayıb.

Müəllif: Anar Bayramoğlu