““TikTok”dan soruşmaq istəyirəm ki, bu, ABŞ və Avropada belə faşist və nifrət dolu videoların nümayişinə niyə icazə verirlər?”
Venesuela Prezidenti Nikolas Maduro “TikTok” və “Instagram”ı ölkədə nifrət qızışdırmaqda ittiham edib. AYNA TASS-a istinadən xəbər verir ki, Maduro bunu yürüşdə tərəfdarları qarşısında çıxışı zamanı deyib.
““TikTok”dan soruşmaq istəyirəm ki, bu, ABŞ və Avropada belə faşist və nifrət dolu videoların nümayişinə niyə icazə verirlər? Əlbəttə, yox. Onlar Venesuelaya nifrət və parçalanma yoluxdurmaq istəyirlər. “TikTok” da “İnstagram” da Venesuelaya qarşı etdiklərinə görə qanuni olaraq məsuliyyət daşıyır”, Maduro yürüşdə tərəfdarlarına deyib.
Venesuela lideri qeyd edib ki, son günlər “TikTok”da Venesuelanın hazırkı hökumətinin tərəfdarlarına qarşı zorakılıq çağırışları olan videolar geniş yayılıb.
İyulun 28-də Venesuelada prezident seçkiləri keçirilib. Ölkənin Milli Seçki Şurasının protokolların demək olar ki, 97%-ni işlədikdən sonra elan etdiyi kimi, seçicilərin 51,95%-i Maduroya, 43,18%-i isə onun əsas rəqibi Edmundo Qonzalesə səs verib. Müxalifət liderlərindən biri Mariya Korina Maçado artıq seçki günü Qonzalesin komandasının onun seçkilərdəki məğlubiyyətini tanımayacağını bildirib.
Ertəsi gün Karakasın mərkəzində etiraz aksiyaları və iğtişaşlar başlayıb. Venesuela hakimiyyətinin məlumatına görə, 1 mindən çox iğtişaşçı yandırma və digər qanun pozuntularına görə saxlanılıb, 70-dən çox hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb. İki hərbçi həlak olub.