DSX: Bu məsələdə qanuna uyğun olaraq addım atılacaq
İyunun 16-da Laçın rayonunda qəzaya düşərək həlak olan Dövlət Sərhəd Xidmətinin (DSX) hərbçilərinə şəhid statusu veriləcək. Bu barədə AYNA-ya DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
“Bu məsələdə qanuna uyğun olaraq addım atılacaq. Qanunvericiliyə əsasən, yol qəzasında həlak olan hərbi qulluqçularımıza şəhid statusu veriləcək”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, hadisə hərbçilər sərhəd-döyüş məntəqələrindən hərbi hissəyə geri qayıdarkən Laçın rayonunun Cicimli kəndi yaxınlığında baş verib. “MAZ” markalı yük avtomobili idarəetmənin itirilməsi səbəbindən yol kənarındakı dərəyə düşüb. Nəticədə avtomobildə olan hərbi qulluqçular - baş leytenant Nəsibov Elməddin Süleyman oğlu və gizir Kamallı Kamal Vilayət oğlu həlak olub.