Kremlin işğal siyasətinin nəticəsi: bütov xalq “persona non qrata”ya çevrilir

Dünya

07.03.2022 - 18:23

“Ali məktəblərdən qovulanlar arasında etnik azərbaycanlılar da var”

Bəzi Avropa universitetləri Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü səbəbindən, rusiyalı tələbələrin qeydiyyatını ləğv edib və onlar ölkələrinə geri dönməyə başlayıblar. Bu barədə Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova ötən günlərdə məlumat verib.

Onun sözlərinə görə, Təhsil və Elm Nazirliyi vəziyyəti nəzarətdə saxlayır və rusların hüquqlarını qorumaq üçün bütün lazımi tədbirləri görür: "Nazirlik həmçinin, Ukraynadakı vəziyyətlə əlaqədar Fransa, Çexiya, Belçika və digər Avropa ölkələrində universitetlərdən qovulan rusiyalı tələbələrin hüquqlarının müdafiəsi üçün tədbirlər həyata keçirir".

Ombudsman onu da qeyd edib ki, nazirlik operativ rejimdə “Donetsk və Luqansk xalq respublikaları”ndan gələn tələbələr üçün Rusiya universitetlərində yer ayırır.

Mövzu ilə bağlı AYNA-ya danışan təhsil eksperti Səbinə Əliyeva bildirib ki, təhsildən uzaqlaşdırılan tələbələr arasında etnik azərbaycanlılar da var: "Rusiya vətəndaşı olan etnik azərbaycanlılar var. Onların övladları bu dəqiqə təhsildən uzaqlaşdırılıblar. Lakin təəssüf ki, təhlükəsizliklə bağlı narahatlıqlarına görə mətbuata danışmaq istəmirlər".

Ekspertin fikrincə, bu addım təhülkəsizlik baxımından atılıb: "Çexiya, Almaniya, Fransada təhsil alan tanışlarımın uşaqları universitetdən xaric olunublar. Səfirliyin izahına görə, bu addım təhlükəsizlik baxımından atılıb. Hazırda vəziyyət çox gərgindir. Mən də hesab edirəm ki, gənclər arasında konflikt yaranmasın deyə təhlükəsizlik baxımından bu addım atılıb".

Əliyevanın sözlərinə görə, bu problemlə yanaşı digər məsələlər də narahatlıq doğurur: "Təhsil alanların universitetlərdən xaric edilməsi hazırda tək problem deyil. Hazırda viza, bilet almaqla bağlı problemlər var. Vətəninə qayıtmaq istəyənlər ciddi çətinliklərlə üz-üzədirlər".

Professor Qulu Məhərrəmli də hesab edir ki, sözügedən qərarlar təhlükəsizlik məqsədi daşıyır. O, AYNA-ya açıqlamasında bu məsələyə insan haqları prizmasından yanaşmağı doğru saymadığını deyib: "Bu məsələdə diskriminasiya faktı olduğunu düşünmürəm. Çünki hazırda Avropa ölkələrində Rusiyaya qarşı nifrət var. İşğalçı obrazı kimi Rusiya çox tənqid edilir. Hesab edirəm, həmin tələbələrə yalnız təhlükəsizlik məqsədi ilə öz ölkələrinə getməyi tövsiyyə edə bilərlər. Yox, başqa səbəb varsa, bu, birbaşa insan haqlarına basqıdır, diskriminasiyadır. İnsan özü hansısa təhlükə hiss edirsə, elə özü də oradan çıxa, vətəninə qayıda bilər".

"Televiziya ekranından izləyirəm, müxtəlif ölkələrdən üzdən fərqləri bilinən  insanlara qarşı diskriminasiya faktlarını pisləyən materiallar yayımlanır. Rusiya işğalçıdır, bəli, Putin işğalçıdır, amma o tələbələrin bu işdə nə günahı var? Hesab edirəm ki, bu məsələyə həm diqqətlə, həm də çox həssas yanaşmaq lazımdır", - deyə mütəxəssis vurğulayıb.

Xaricdə təhsil üzrə ekspert Nigar Rüstəmova AYNA-ya şərhində söyləyib ki, bu fakt Rusiyaya Qərbin tətbiq edilən sanksiyaların təhsildən də yan keçmədiyini göstərir: "Hazırda Rusiyanın Ukraynaya qarşı apardığı müharibə dünyanın diqqətindədir. Təbii ki, bu məsələ bizi də narahat edir və dost Ukraynada baş verən hadisələri həyəcanla izləyirik. Təəssüf ki, müharibə itkisiz olmur, hər iki tərəfdən həlak olanlar və yaralananların olması barədə gündəlik xəbərlər alırıq. Bu da döyüşlərin amansız xarakterindən irəli gəlir. Günahsız insanların həyatlarını itirməsi, şikəst olması kimi ağır nəticələr dəhşət saçır. Mülki insanlar, uşaqlar, qadınlar, yaşlılar bu müharibədə həlak olurlar. On minlərlə ailə müharibənin faciəsini yaşayır”.

“Digər tərəfdən dünya ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi sərt sanksiyalardan ən çox əziyyət çəkənlər elə sadə vətəndaşlar olur. Ölkənin iqtisadi durumu pisləşdikcə, insanların yaşayış səviyyəsi aşağı düşür, yoxsulluq halları kəskin artır. Əlbəttə, bütün bunlarla yanaşı Qərbin hazırladığı sanksiyalar paketi təhsil sistemindən də yan keçmir. Təəssüflə qeyd etməliyəm ki, bir çox Avropa universitetləri Rusiya vətəndaşı olan tələbələri təhsil müəssisəsindən xaric edib, onlar ölkə rəhbərliyinin başlatdığı müharibə səbəbindən təhsillərini yarımçıq dayandırmalı olublar”, - deyə həmsöhbətimiz qeyd edib.

O, bir məqama diqqət çəkib: “Rusiyadakı reallığa diqqət yetirək. Bu gün Rusiyanın özündə də minlərlə insan müharibənin əleyhinə çıxaraq, kütləvi aksiyalar keçirir. Onlar günahsız ukraynalıların öldürülməsini istəmədiklərini deyirlər. Bu fakt onu göstərir ki, Rusiyanın sıravi vətəndaşları müharibəyə qarşıdırlar. Onlar sadəcə siyasi qərarların qurbanına çevriliblər. Eləcə də Ukraynada vətəndaşlar amansız müharibə nəticəsində hər an ölüm təhlükəsi yaşayırlar”.

Rüstəmova rusiyalı tələbələrin universitetlərdən uzaqlaşdırılması qərarını doğru hesab etmir: “Etiraf edim ki, mən həm dost ölkə olaraq, həm də ərazi bütövlüyünü bərpa etməyə çalışan Ukrayna xalqını ürəkdən dəstəkləyirəm. İstəyirəm ki, əzmkar Ukrayna xalqı qələbə qazansın, ilhaq olunmuş torpaqlar azad edilsin. Eyni zamanda hesab edirəm ki, bu müharibədə heç bir günahı olmayan rusiyalı gənclərin təhsil sanksiyaları ilə üzləşməsi müharibədən daha təhlükəlidir. Avropanın rusiyalı tələbələrlə bağlı qərarını doğru saymıram".

Ekspert siyasi qərarların birbaşa təhsilə yönəlməməli olduğunu düşünür: “Heç kimə sirr deyil ki, müharibə siyasi maraqlardan irəli gəlir. Günahsız gənclərin arzularını, xəyallarını məhv etmək mənəvi terrordur. Kimliyindən və milliyyətindən asılı olmayaraq, heç kimə belə yanaşma tətbiq etmək olmaz. Müharibə müvəqqətidir, ədəbi davam edə bilməz. Bir müddət sonra döyüşlər dayanacaq. Lakin həlak olan hərbçilərin, dinc sakinlərin, sağlamlıqlarını itirmiş, təhsil arzuları puç edilmiş insanların haqqını kim ödəyəcək? Bu barədə düşünməliyik. İstənilən halda siyasi qərarlar birbaşa təhsilə yönəlməməlidir. Onsuz da müharibəyə səbəb olan Rusiya rəsmilərinə ən kəskin formada qadağalar tətbiq edilib, hərə özünə görə cəzasını çəkəcək".

"Heç bir günahı olmayanlar isə sadəcə haqsız qərarların qurbanına çevrilir. Buna təəssüf edirəm. Gənclərə güzəşt etmək böyük jest olardı, lakin biz buna görmədik. İnanıram ki, tezliklə müharibəyə son qoyulacaq və hər iki ölkə normal həyatına qayıdacaq", - deyə müsahibimiz fikrini tamamlayıb.

Müəllif: Aləmdə Nəsib