Kremldən Ermənistanın təxribatına reaksiya: “Həyəcanverici xəbərdir”

Aktual

13.02.2024 - 15:12

Rusiya tərəfləri təmkinli olmağa çağırıb

“Ermənistan və Azərbaycan təmkinli olmalıdırlar”. AYNA xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov Azərbaycanla Ermənistan sərhədində baş verən gərginliyi şərh edərkən deyib.

“Bu, təmas xəttindən gələn həyəcanverici xəbərdir. Biz hər iki tərəfi təmkinli olmağa çağırırıq. Prosesi diqqətlə izləyəcəyik”, - deyə Peskov qeyd edib.

Kreml rəsmisi bildirib ki, bu cür hadisələr sülh danışıqları prosesinin irəliləməsinə kömək etmir və Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanmasına yaxınlaşdırmır.

Qeyd edək ki, fevralın 12-də saat 13:37-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan ordusunun Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb. Təxribat nəticəsində DSX-nın hərbi qulluqçusu əsgər Pərviz Ağakişi oğlu Xəlilzadə yaralanıb.

Fevralın 13-də isə DSX bölmələri tərəfindən Ermənistan ordusunun dünən törətdiyi təxribata cavab olaraq “Qisas əməliyyatı” keçirilib.  DSX-dan bildirilib ki, əməliyyat nəticəsində dünən əsgərimizə atəş açılan Ermənistan silahlı qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub. Bildirilib ki, məhv edilmiş döyüş postunun şəxsi heyəti arasında ciddi itkilərin olması barədə məlumatlar mövcuddur.

Müəllif: Ayna.az