“Rusiya təyyarənin Aktauda qəzaya uğraması ilə bağlı obyektiv və qərəzsiz araşdırmada maraqlıdır.
“Rusiya AZAL təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı obyektiv və qərəzsiz araşdırmada maraqlıdır”. AYNA rus mediasına istinadən bildirir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib.
"Biz bu fəlakətin səbəblərini müəyyən etmək üçün tamamilə obyektiv və qərəzsiz araşdırmada maraqlıyıq", - Peskov jurnalistlərə bildirib.
Kreml rəsmisi həmçinin Moskvanın “müvafiq komissiyanın işinin nəticələrini” gözlədiyini bildirib və əlavə edib ki, rusiyalı mütəxəssislər “təhqiqata kömək edirlər”.
“Prezident Putinlə Prezident Əliyev iki dəfə telefonla danışıblar. İstintaq orqanlarına lazımi göstərişlər verilib, bu qəzanın səbəblərinin araşdırılmasında hər cür köməklik və əməkdaşlıq aparılır. Prezident Putin üzr istəyib və təəssüf etdiyini bildirib”, - Peskov əlavə edib.
Qeyd edək ki, AZAL-ın Bakıdan Qroznıya uçan sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i ölüb, 29-u sağ qalıb. Təyyarə raket hücumu nəticəsində zədələndikdən sonra qəzaya uğrayıb.