Kreml də hesab edir ki, Qarabağ problemi bitdi, amma “Sputnik” yox...

Siyasət

04.10.2023 - 14:02

Adama elə gəlir ki, “Sputnik Ermənistan” erməni mediasıdır, sadəcə maliyyəsi Rusiya dövlət büdcəsindən ödənilir

Rusiya Federasiyasının dövlət büdcəsindən maliyyələşən “Sputnik” informasiya agentliyinin Ermənistan bölməsi Ermənistanda revanşist əhval-ruhiyyəni qızışdırmaqda davam edir. Belə ki, “Sputnik Ermənistan” nəşri ölkənin keçmiş ədliyyə naziri Gevorq Danielyanın Azərbaycan ərazisində separatçı qurumun mövcudluğuna son qoyulması ilə bağlı fikrinə istinad edib.

Danielyan bildirib ki, Qarabağ separatçılarının lideri Samvel Şahramanyanın 2024-cü il yanvarın 1-dən “Dağlıq Qarabağ Respublikası”nın mövcudluğuna xitam verilməsi haqqında “fərmanı” heç bir hüquqi normalara uyğun gəlmədiyi üçün qüvvədə ola bilməz: “Şahramanyanın fərmanının heç bir mənası yoxdur, onsuz da Azərbaycan Dağlıq Qarabağ Respublikasının mövcud olmadığına inanırdı və inanmaqda davam edir. Bu sənəd yalnız illüstrativ məqsədlər üçün lazımdır”.

“Fərman”ın təzyiq altında imzalandığını qeyd edən Danielyan beynəlxalq hüququn təhdid altında imzalanmış bütün sənədlərin etibarsız olduğu müddəasına müraciət edir: “Beləliklə, hüquqi nöqteyi-nəzərdən bu fərmanın heç bir qüvvəsi yoxdur və nə vaxtsa kifayət qədər imkan və gücümüz olsa, biz deyə bilərik: “Sizin bizdən zorla aldığınızı geri qaytarırıq””.

Amma sabiq erməni nazir dilə gətirməyi “unudur” ki, separatçı rejimi dünyada heç kim tanımayıb və ona görə də qəbul edilən bütün “fərman” və “qanunlar” sadəcə bir kağız parçasıdır. O, həmçinin hesab edir ki, Şahramanyanın “fərmanına” “Dağlıq Qarabağın Ali Məhkəməsi” tərəfindən Ermənistanda, mühacirətdə keçirilən iclasda etiraz edilə bilər: “Qarabağ parlamentinin deputatları bu fərmanın Konstitusiyaya zidd olduğunun tanınması tələbi ilə məhkəməyə müraciət edə bilərlər”.

Gördüyümüz kimi, bir vaxtlar xidməti vəzifələrini layiqincə yerinə yetirmədiyinə görə işdən çıxarılan sabiq ədliyyə nazirinin xəstə fantaziyaları böyük bir bulaq kimi qaynayır. Bütün erməni psevdoekspertləri sanki bilmirlər ki, müasir beynəlxalq hüququn ərazinin dövlətdən ayrılmasının yolverilməzliyini nəzərdə tutmayan milli konstitusiya aktlarının və beynəlxalq hüquqi sənədlərin müddəalarını nəzərə alaraq, öz müqəddəratını təyinetmə hüququnu nəzərdən keçirir.

Biz hələ heç bir “Qarabağ xalqı”nın olmadığını demirik. Azərbaycanın Qarabağ bölgəsində “Qarabağ xalqı” deyil, etnik ermənilər yaşayır. Qarabağda yaşayan erməni tayfaları da artıq Ermənistan Respublikasını yaratmaqla öz müqəddəratını təyin etmək hüququnu həyata keçiriblər.

Amma ən diqqətçəkən məqam odur ki, Danielyanın xəstə fantaziyaları Rusiyanın “Sputnik” agentliyinin Ermənistan bölməsi vasitəsilə çatdırılır. Rusiya Qarabağı Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi hesab edir və bu il sentyabrın 19-20-də həyata keçirilən yerli antiterror tədbirləri Kreml tərəfindən ölkəmizin daxili işi kimi qiymətləndirilib. Və birdən-birə Rusiyanın dövlət xəbər agentliyi Danielyana revanşist fikirlər səsləndirmək və Azərbaycana qarşı ərazi iddiaları irəli sürmək üçün platforma təqdim edir.

Bu mənzərə açıq şəkildə Ermənistanın Azərbaycana qarşı apardığı informasiya müharibəsinin əsas ruporu rolunu oynayan, etnik ədavət toxumu səpən, revanşist əhval-ruhiyyəni qızışdıran və anti-Azərbaycan təxribatları törətməkdə davam edən “Sputnik Ermənistan” nəşrinin bütün fəaliyyəti dövründə davam edir.

İnsanda belə bir hiss yaranır ki, “Sputnik Ermənistan” erməni mediasıdır, lakin bir fərq odur ki, nəşrin maliyyəsi Rusiya dövlət büdcəsindən ödənilir. Rusiya mətbuatı Azərbaycan ərazisində artıq ölmüş separatçı rejimi xatırlayarkən, onun tanınmadığını qeyd edir. “Sputnik Ermənistan” isə Azərbaycanı öz auditoriyasına işğalçı dövlət kimi təqdim edir...

Müəllif: Asif Aydınlı