Kiyevdən Krım körpüsünə hücuma fərqli reaksiyalar: “Ruslar özləri partladıb”

Dünya

17.07.2023 - 11:38

“Körpünün bir hissəsinin dağıdılması ilə əlaqədar ruslar maddi-texniki təchizatla bağlı problemlər yaşayacaqlar”

Bu gecə Krım körpüsünə hücum olub. AYNA Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya tərəfindən ilhaq edilmiş regionun rəhbəri Sergey Aksyonov bildirib. Onun sözlərinə görə, Krım körpüsündə aşırımlardan biri uçub, nəqliyyatın hərəkəti tamamilə dayandırılıb.

Körpünün girişində uzun tıxacın yarandığı bildirilir. “Telegram” kanallarından yayılan məlumata görə, Krım körpüsündə baş verən partlayış nəticəsində iki nəfər ölüb, bir nəfər yaralanıb.

Ukrayna Krım körpüsündə səhər saatlarında işğalçılar tərəfindən qanunsuz tikilmiş və ilkin məlumatlara görə, körpülərdən birinin dağılmasına səbəb olan partlayışlarda iştirakını təsdiqləmir.

Ukrayna Hərbi Kəşfiyyat İdarəsinin sözçüsü Andrey Yusov qeyd edib ki, İdarə hadisə ilə bağlı şərh verməyib: "İndi bütün dünya kilometrlərlə tıxaclar və körpü konstruksiyalarının pozulması hallarını görür. Bunun səbəbləri ilə bağlı əlavə şərhlərə gəlincə, biz şərh vermirik. Biz yalnız rəhbər Kirill Budanovun sözlərini sitat gətirə bilərik. Krım körpüsü orada əlavə tikilidir”.

Eyni zamanda, Yusov qeyd edib ki, körpünün bir hissəsinin dağıdılması ilə əlaqədar ruslar maddi-texniki təchizatla bağlı problemlər yaşayacaqlar: "Çünki yarımada ruslar tərəfindən Ukrayna ərazisinin dərinliklərinə qüvvə və vasitələrin daşınması üçün əsas logistika qovşağı kimi istifadə olunur. Təbii ki, hər hansı maddi-texniki problemlər işğalçılar üçün əlavə fəsadlar yaradır”.

Cənubi Ukrayna Müdafiə Qüvvələrinin Birgə Əlaqələndirmə Mətbuat Mərkəzinin rəhbəri Natalya Qumenyuk isə Krım körpüsündə baş verən partlayışların düşmənin özünün təxribatı ola biləcəyini qeyd edib: “Bununla Rusiya “Taxıl sazişi”ni pozmaq istəyə bilər.

“Bu ərazidə dəniz qruplaşmasının bu qədər cəmləşməsi və “Taxıl sazişi”nin müddətinin uzadılması məsələsi ətrafında ümumi gərginlik, təxribatlar yaratmaq, Krımın işğalçı “hakimiyyəti”nin çox yüksək səslə bildirdiyi tipik yoldur. Rusiya məsələləri belə yolla həll etmək istəyir” – Qumenyuk vurğulayıb.

“Krım körpüsündə baş verən insident Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələri və Ukrayna Təhlükəsizlik Xidmətinin birgə keçirdiyi xüsusi əməliyyatın nəticəsidir”. Bu sözləri isə “RBC-Ukrayna”ya Təhlükəsizlik Xidmətindəki adının çəkilməsini istəməyən şəxslərdən biri deyib.

"Körpüyə yerüstü dronların köməyi ilə hücum edilib. Körpüyə çatmaq çətin olub, amma sonda bunu etmək mümkün olub", - kanalın həmsöhbəti bildirib.

Müəllif: Turan Abdulla