109 nəfər isə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə cərimə edilib
Şəmkir rayonunda xüsusi karantin rejimi ilə bağlı tədbirlər davam etdirilir. Xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət etmək məqsədilə Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində xidmət apararaq sakinlər arasında profilaktiki tədbirlər həyata keçirir, mümkün qədər evdə qalmağı, zəruri hallarda evdən çıxdıqda isə tibbi maska, əlcəkdən istifadə etməyi, dezinfeksiyaedici vasitələrdən yararlanmağı məsləhət görürlər.
AYNA-ya Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, rayon ərazisində mütəmadi olaraq aparılan reydlər zamanı xüsusi karantin rejiminin tələblərini pozan şəxslər aşkarlanaraq barələrində müvafiq qanunauyğun tədbirlər görülüb.
Belə ki, araşdırmalar zamanı 109 sakin İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə cərimə edilib. Daha 3 şəxs rayon məhkəməsinin qərarı ilə 10 gün müddətində inzibati həbs edilib.
Tərtib edilən protokollardan 58-i (53,2%) yerində ödətdirilib, 4 nəfər barəsində isə tərtib edilən protokola baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilib.