Karantin arzuları: İlk işimiz nə olacaq?

Cəmiyyət

30.04.2020 - 10:46

İnsanlar qadağaların aradan qalxacağı günü səbirsizliklə gözləyirlər

 

Hələlik Azərbaycanda xüsusi karantin rejiminin son günü 3 olaraq bilinir. Əgər yenidən müddət uzadılmasa, mayın 4-də ölkədə sərbəst hərəkət ya tam bərpa ediləcək, ya da qismən. İstənilən halda, karantin nə vaxtsa bitəcək. Bəs, vətəndaşlar qadağalar bitər-bitməz ilk nə etməyi düşünürlər?

 

AYNA bu sualla sosial şəbəkə istifadəçilərinə müracitə edib.

 

İbrahim Kamiloğlu: “Bir günlük də olsa, Qaxa gedəcəm. Çünki, may ayı təbiətin ən gözəl vaxtıdır”.

 

Anar Qurbanov: “Yenidən iş rejiminə qayıtmaq üçün çalışacam”.

 

Nurlan Cəfəri: “Karantin bitən günü səhərdən axşama kimi hər gün oturduğum kafedə oturacam”.

 

Şahpəri Abbasova: “Mütləq Bakıya gedəcəm, yəqin ki, paytaxtda qalanlar da rayonlara qaçacaqlar”.

 

Zaur Bağırlı: “Bərbərə gedəcəm”.

 

Həbibə Abdulla: “Bütün günü qızlarımla plan qururuq ki, karantin bitəndən sonra nə edəcəyik. Başda parka gedib doyunca əylənmək, sonra restorana gedib, doyunca kartof fri yeməyi düşünürük. Təbii ki, bu, öncəliyi onların istəklərinə verməyimdən irəli gəlir. Öz arzum karantin bitən kimi kəndə gedib 3-4 gün qalmaq, valideynlərimi görməkdir. Bir də Bakıda yaşayan ailə üzvlərimizlə bir yerə yığışıb karantin müddətinə düşən ad günlərini qeyd etməyi planlayırıq. Bu arada qeyd edim ki, böyük qızımın, bacım oğlunun və mənim ad günlərimiz karantinə düşdü”.

 

Mail Yaqub: “Yeni “Nəsimi nəfəsi” adlı kitabım çap olunub. Onun təqdimatını keçirəcəm. Bakını doyunca piyada gəzəcəm. Dostlarımla görüşüb dərdləşəcəm”.

 

Məhəmməd Türkmən: “Balıq tutmağa gedəcəm”.

 

Tural Tağıyev: “Ailə quracam”.

 

Vəfa Fərəc: “Karantin bitdikdən sonra səhhətimlə bağlı müayinəyə gedəcəm, sonra bizim evin balacaları, qardaşımın uşaqları ilə gəzməyə gedəcəm. Qardaşımın qızı hər gün soruşur ki, “bibi, virus nə vaxt bitəcək, gəzməyə gedəcəyik?” Bundan başqa, planlaşdırdığım müsahibələr üçün müsahiblərimlə görüşəcəm”.

 

Arzu Umut: “Parkda gəzəcəm. İmkan olan kimi rayona istirahət mərkəzlərinə gedəcəm. Ancaq təbiətdə olmaq istəyirəm”.

 

Seymur Qasımbəyli: “Gedib valideynlərimi ziyarət edəcəm. Onları bərk-bərk qucaqlamaq istəyirəm”.

 

Alimə Amal: “Azərbaycana səfər etmək üçün bilet alacam”.

 

Elyar Həsənov: “Hər gün futbol oynayacam”.

 

Leyla Abdullayeva: “Qızımı bağçaya yola salıb rahat nəfəs alacam”.

 

Zülfiyyə Qurbanova: “Karantin bitən kimi ilk gedeceyim yer gözəllik salonu olacaq. Özümü səliqəyə salandan sonra rayonda yaşayan anamı-atamı ziyarət edəcəm. İylərini doya-doya içimə çəkəcəm. Rayondan qayıdıb fitnesə başlayacam və işdən sonrakı saatlarımın çoxunu açıq havada keçirməyə çalışacam”.

 

Namiq Abdullayev: “Mütləq şəkildə idmana başlayacam”.

 

Əfqan Əmirxanoğlu: “Mən onsuz da hər gün təbiətin qoynundayam - arıların yanında. Ona görə mənim üçün dəyişən bir şey olmayacaq”.

 

İlhamə Rəsulova: “Artıq evdən çıxmaq üçün müdir gərək mənə xüsusi kompensasiya verə, evə yaman vərdiş etdim, daha pəncərədən də baxmıram. Zarafat bir yana, karantin bitəndən sonra rayona gedib bir az torpaqla çalışmaq, əkin əkmək, yer belləmək kimi arzum var. Torpaq çəkir məni. Daş divarlar arasında qalmaqdandır, yəqin”.

 

Nar Xanım Rəşidova: “Karantindən sonra uzun müddət evdən çıxmamağı düşünürəm. Normalda şəhərdə əhali əlindən gəzmək olmur. İndiki halda ümumiyyətl, pis vəziyyət alınacaq. İnsanlar gəzsin, necə deyərlər, gözünün qurdunu öldürsün və sakitləşsinlər, sonra şəhərə çıxacam”.

 

Şahanə Sarı: “Əvvəlcə yay tətilini planlayacağıq, daha sonra açıq havada doyunca gəzib, sahib olduqlarımıza şükr edəcəyik. Uşaqların təhsili ilə bağlı karantin dövründə bir sıra rutinlər yaratdıq, bunları karantindən sonra da davam edəcəyik. Ehtiyacı olan, karantin zamanı əl tutduğumuz ailələri şəxsən ziyarət edib sovqatlar aparacağıq. Və nəhayət, iş həyatına geri dönəcəyik”.

Müəllif: Təranə Xudabaxşiyeva