Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna qanunsuz daxil olmağa cəhd edən 22 min avtomobil geri qaytarılıb
Koronavirus pandemiyasının qarşısının alınmasına dair hökumət tərəfindən xüsusi Tədbirlər Planının icrasına başlanıldığı vaxtdan polis ölkəyə quru və hava yolları ilə gəlmiş infeksiyaya yoluxmaqda şübhəli şəxslərin müalicə-profilaktika müəssisələrinə təxliyəsi zamanı yüzlərlə təcili tibbi yardım avtomobilini, qonşu dövlətlərə gedən 5 200-dən çox yük nəqliyyat vasitəsini müşayiət edib.
AYNA-ya bu barədə Daxili İşlər Nazirliyindən rəsmi məlumatına istinadən xəbər verir.
Bildirilib ki, polis virusa yoluxanların hospitalizasiya edildiyi və yoluxmaları ehtimal olunan şəxslərin karantinə yerləşdirildiyi 51 obyekti bu gün də sutkalıq mühafizə edir. Şəxslərin və nəqliyyatın şəhərlərarası və rayonlararası hərəkətinin məhdudlaşdırılması məqsədilə 733 postda, ictimai yerlərdə, küçə və prospektlərdə xidmət aparır.
Təkcə cari ilin mart ayı ərzində xüsusi karantin rejiminin tələblərinin pozulması faktlarına görə 5 cinayət işi üzrə 11 nəfər məsuliyyətə cəlb olunub, 154 nəfər inzibati qaydada həbs edilib, 33 minə yaxın şəxs barəsində digər tənbeh tədbirləri görülüb.
Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna qanunsuz daxil olmağa cəhd edən 22 min avtomobil geri qaytarılıb.
Bütün bunlara paralel olaraq polis özünün qanunla müəyyən edilmiş cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi ilə bağlı fəaliyyətini də davam etdirir. Son bir ayda qeydə alınmış 1 186 cinayətin böyük əksəriyyəti açılıb, 1 860 nəfər məsuliyyətə cəlb edilıb, axtarışda olan 485 şəxs tutulub, 106 cinayətkar qrup zərərsizləşdirilib. Qanunsuz dövriyyədən 260 kiloqram narkotik vasitə çıxarılaraq bu əməllərə görə 353 nəfər məhkəmə məsuliyyətinə verilib.