İradə Kərimova: "Oxumaq istəyənlərə dövlət borc pul verir, bitirib iş tapandan sonra yavaş-yavaş ödəyirsən"
36 yaşında ailəsi - həyat yoldaşı, 11 yaşlı qızı və 6 yaşlı oğlu ilə bərabər Kanadaya köçüb. Gələrkən ingilis dilində bircə söz bilməsə də, 4 il sonra TOEFL-dan yüksək bal toplayaraq Toronto Universitetinə qəbul olub. Hazırda Şeppard dövlət məktəbində (Sheppard Public School) direktordur. Uğurunun, yad ölkədə bütün çətinliklərin öhdəsindən gələ bilməyinin sirrini ailələrinin bir olmasında, həyat yoldaşının həmişə ona arxa-dayaq durmasında, övladlarının köməyini ondan əsirgəməməsində görür. Həmyerlimiz İradə Kərimova ilə Kanadada karyera pillələrində irəliləməsindən, buradakı təhsil sisteminin özəlliklərindən və ailəsindən danışdıq...
- Yaşadığın ölkədə şəhəri dəyişəndə belə uyğunlaşana qədər çətinliklərlə qarşılaşırsan. O da qala ölkəni dəyişib, tamamilə fərqli bir yerə köçəsən. Gələrkən hansı çətinliklərlə rastlaşdınız?
- Ən böyük çətinliyimiz dil baryeri idi. Əcnəbi dil kimi fransız dilini öyrənmişdim. İngilis dili mənim üçün, tamamilə yeni idi. Kimsə ingiliscə adımı soruşanda, sual dolu nəzərlərlə üzünə baxırdım. Çünki heç nə başa düşmürdüm... İnformasiya çatışmazlığı isə başqa bir problem idi. Tamamilə fərqli ölkə, fərqli insanlar, fərqli adətlər, fərqli qaydalar, qanunlar, hər şey başdan-ayağa fərqli... Nəyin düz, nəyin səhv olduğunu bilmirdik. Azərbaycandakının əksinə, burada insanlar nəyi səhv, nəyi düz etdiyimizi demirdilər. Düşünürlər ki, hər şeyə özün qərar verməlisən. Bundan başqa, uzaqda olduğumuzdan dostlarımızın , qohumlarımızın dəstəyi yox idi. Yalnız həyat yoldaşım, iki uşağım və mən idim...
- Çətinliyin öhdəsindən necə gəldiniz?
- Çoxlu axtarışlar edir, hər şeyin yolunu tapmağa, öyrənməyə çalışırdıq. Həyat yoldaşım həmişə deyirdi ki, "immigration ethier breakes you, or makes you" ("immiqrasiya ya səni sındıracaq, ya da düzəldəcək"). Bir də təbii ki, ailəmizin bir olması sayəsində bütün çətinlikləri atlada bildik. Anladıq ki, dördümüz də həmişəkindən daha çox bir-birimizə dəstək verməli, güclü olmalıyıq. Əgər birimizin köməyə ehtiyacı var idisə, digər üçümüz onun yanında olurduq. 11 yaşlı qızım 6 yaşlı oğlumun qayğısına qalır, mən və yoldaşım ingilis dili dərsinə gedirdik. Qızım oğlumu məktəbdən götürüb evə gətirir, biz dərsdən qayıdana kimi onu yedizdirirdi. İlk bir neçə ili belə davam etdik. Burada öyrəndiyim ən vacib məsələlərdən biri bu oldu ki, yaşadığın yeni cəmiyyətə uyğunlaşmaq istəyirsənsə, həmin ölkədəki adət-ənənəni, əsas ictimai qaydaları mənimsəməli və tətbiq etməlisən. Kanadada yaşamağın gözəlliyi ondadır ki, yeni ölkənin adətlərinə qucaq açmaqla yanaşı, öz adətlərini də qoruyub saxlaya, tətbiq edə bilirsən.
- Bəs nə qədər müddətə ingilis dilini öyrəndiniz?
- Gələn kimi ingilis dili dərslərinə qatıldım. Bu dildə əlifbadan başqa heç nəyi bilmədiyimdən 1-ci səviyyədən başladım. Bir neçə dil - fransız, rus, türk, azca fars dilini - bildiyimə görə yeni xarici dili öyrənməyə bacarığım var idi. Buna görə də dili mükəmməl bilməyim çox vaxt almadı. 1999-cu ildə başladım. 2003-cü ildə TOEFL-dan yüksək nəticə əldə edib Toronto Universitetinə qəbul oldum.
- İradə xanım, Azərbaycanda hansı sahədə çalışmışdınız?
- İndiki Neft Akademiyasını mühəndislik ixtisası üzrə bitirmişəm və Neft Araşdırmaları üzrə Elmi Tədqiqat İnstitutunda işə başlamışam. 1-2 il sonra təhsil aldığım universitetin kafedrasından məni geri çağırdılar, müəllim köməkçisi, ardınca müəllim kimi çalışdım. Daha sonra doktorantura üzrə təhsil almağa başlasam da, Kanadaya gəlməyə qərar verdiyimizdən təhsilimi yarımçıq qoydum.
- Və Kanadada da müəllim olmağa qərar verdiniz...
- İlk növbədə burada nə etmək istədiyimi bilməliydim. Hansı imkanların olduğunu araşdırdım. Əvvəlcə kurslar keçib, universitetdə müəllimliyə başlamağı düşünürdüm. Ətrafımdakı insanlar məni lazımi informasiya ilə təmin etdilər və orta məktəbdə müəllim olmağa qərar verdim. Məqsədimə çatmaq üçün orta məktəblərdən birində bir il könüllü kimi çalışdım. Çünki müəllimlik lisenziyası üçün Toronto Universitetinə müraciət edəndə heç olmasa, bir il Kanada təcrübəsinin olması tələb edilir. Universitetə qəbul zamanı yazacağım 7-8 essedən biri Kanada təcrübəmlə əlaqəli olmalı idi. Latviyadan olan dostum onun volontyorluq etdiyi məktəbdə işləməyimi təklif etdi. Bir il 1-ci sinifdə könüllü kimi dərs dedim və bu, mənə universitetə qəbul olmaq şansı verdi. 2004-cü ildə TOEFL-dan yüksək nəticə əldə edərək Toronto Universitetində bir illik müəllimlik peşəsi proqramına qəbul oldum. Təhsil aldığım müddətdə üç müxtəlif məktəbdə təcrübə keçdim. May ayında universiteti bitirdim, iki aylıq təcrübədə olduğum məktəblərdən birinin direktoru iyunda zəng edib məni işə dəvət etdi. Hansı ki işə başlamaq üçün adətən müəyyən müddət gözləmə siyahısında olursan.
Bakıda universiteti mühəndislik ixtisası üzrə bitirdiyimdən riyaziyyatdan güclü idim. Burada məktəblərin çoxunda riyaziyyat üzrə, mütəxəssisə ehtiyac var. Beləliklə, 2005-ci ildə 8-ci sinifdə dərs deməyə başladım. İki ildən sonra başqa bir məktəbə göndərdilər. Orada da 6 il 8-ci siniflərə dərs dedim. Həmin məktəbin direktoru bir gün mənimlə söhbətində bildirdi ki, hazırda gördüyümdən daha çox işin məsuliyyəti altına girə bilərəm. Nəyi nəzərdə tutduğunu soruşdum. Çünki dilini bilmədiyim ölkədə müəllim kimi işə başlamaq mənim üçün böyük uğur idi. İşimlə xoşbəxt idim. Direktor dedi ki, "filan kursları götür, sən idarəçilik sahəsinə keçməlisən, cəhd elə". Mən də cəhd elədim. Magistratura dərəcəsi almaq üçün işləyə-işləyə gecələri, şənbə və bazar günləri kurslara getdim. Burada qayda belədir ki, magistratura dərəcəsi olmadan idarəetmə strukturunda çalışa bilməzsən.
İndi geriyə baxıram, işləyə-işləyə ailəli adamın oxuması çox çətindir. Həmişə bunu necə bacardığımı düşünürəm və cavabım belə olur ki, ancaq və ancaq ailəmin dəstəyi ilə bacardım. Həyat yoldaşımın dəstəyi olmasaydı, heç nəyə nail ola bilməzdim. O, hər zaman məni dəstəklədi, arxamda durdu. Həmişə onun yanımda olduğunu hiss etdim. Övladlarım da həmçinin...
- İradə xanım, necə oldu ki, həmin direktor məhz sizə yaxınlaşıb idarəçilik sistemində çalışmalı olduğunuzu dedi. Sizdəki hansı xüsusiyyətlər onu cəlb etmişdi?
- Özüm barədə danışmaq çətindir... Sovetlər Birliyində böyüyüb oxumuşam. Düşünürəm ki, Sovet təhsili və iş etikası yaxşı mənada buradakından, tamamilə fərqlidir. Mən çox işləməyi sevən, eyni zamanda ətrafımdakıların dediyinə görə, çox səbrliyəm. Yaşından asılı olmayaraq, müəllimlərə, şagirdlərə hörmətlə yanaşıram və bu, onlardan geri istədiyim yeganə şeydir. Dərs dediyim məktəbin yerləşdiyi bölgə bir sıra faktorlardan dolayı, dərs demək üçün çox çətin bölgə sayılır. Buna baxmayaraq, heç vaxt hansısa uşaqla problemimin olması ilə bağlı ofisə zəng edib kömək istəməmişəm. Bütün problemləri özüm həll etmişəm. Şagirdlərin raport (hesabat) kartlarınının adminstratoru, bütün 8-ci siniflərin qrup lideri olmuşam.
Bir hadisə danışım. İki ay öncə ofisdə gənc bir xanım gördüm. Mənə yaxınlaşıb onu tanıyıb tanımadığımı soruşdu. 8-ci sinifdə ona dərs demişdim və çox problemli uşaq idi. Təşəkkür etmək üçün məni axardığını dedi. Bildirdi ki, kollecdə oxuyur və onun indiki səviyyədə olmasının səbəbkarı mənəm. Onda liderlik qabiliyyəti var idi, amma problem yaratmağı sevirdi. Mən onu qızlardan ibarət qrupa lider qoymuşdum. Uşaqlar üçün yalnız müəllim deyil, məsləhətçi, yol göstərən olmuşam. Şagirdlərimin problemləri, narahat edən məsələlərlə daim maraqlanmışam və dinləyib istiqamət verməyə çalışmışam. Düşünürəm ki, o qız da elə bunu nəzərdə tuturdu...
- Toronto Universitetində təhsilinizi başa vurandan nə qədər müddət sonra direktor kimi işə başladınız?
- Kursları bitirəndən sonra prosedura əsasən, əvvəlcə direoktor müavini vakansiyasına müraciət etdim və üç müsahibədən keçib qəbul oldum. Üç il direktor müavini işləyəndən sonra direktor vəzifəsi vakansiyasına müraciət etdim. Bu dəfə də üç müsahibədən keçdim və 2016-cı ildən Şepard Dövlət Məktəbində direktor kimi işə başladım.
- Bildiyimiz kimi, Toronto əhalisinin böyük hissəsi immiqrantlardan ibarətdir. Müxtəlif ölkədən gələn insanların öz adət-ənənələri, problemlərə yanaşması olur. Direktor kimi müəllimləri, valideynləri və şagirdləri idarə etmək çətin olmadı ki?
- Hər kəsin özünəməxsus xarakteri, şəxsiyyəti var. Yanıma gələn bütün valideynləri, müəlimləri, uşaqları anlayır, onların narahatlığını başa düşürdüm. Mənə müraciət edən bütün valideynlərin problemləri ilə bağlı araşdırma apardım və geri zəng etdim, onları başa düşdüyümü, onların övladları üçün burada olduğumu hiss etdirdim. Ümumiyyətlə, ətrafımdakılara qiymətləndirildiklərini hiss etdirməyi sevirəm. Bu baxımdan insanlarla münasibətdə çox çətinliyim olmadı. Toronto Təhsil İdarəsindən (Toronto District School Board - L.M.) də həmişə dəstək gördüm, hansısa sualım olanda hərtərəfli cavablandırdılar. Uşaqların hərəkətlərindən tutmuş, cədvəllə, təhsillə, xüsusilə məktəbin büdcəsi ilə bağlı bütün suallarımı səbrlə aydınlıq gətirdilər. Qeyd edim ki, burada məktəbin büdcəsini məktəb direktoru idarə edir.
- Azərbaycandakı orta məktəb təhsil sistemi ilə Kanadadakı arasında çoxmu fərq var?
- 20 ildir Azərbaycanda yaşamadığımdan oradakı təhsil sistemindən xəbərsizəm. Anam orada müəllimə olub. Ondan eşitdiklərimə əsasən deyə bilərəm ki, böyük fərq var. Ən böyük fərq, Kanadada təhsil sisteminin təcrübə, eksperiment yönümlü, Azərbaycanda nəzəriyyə yönümlü olmasıdır. Mən Azərbaycanda yaşadığım vaxt təhsil sistemi daha çox əzbərçiliyə, qaydaları əzbərləməyə yönəlik idi. Burada isə tədris tədqiqat, araşdırma əsaslıdır. Məsələn, qaydanı öyrətməmişdən öncə uşaqlara riyaziyyatdan məsələ verib, özlərinin həll etməsini istəyirik. Azərbaycanda isə məsələni necə həll etməyin qaydası əvvəlcədən uşaqlara verilirdi. Burada biz əmin olmaq istəyirik ki, uşaq özü araşdırır, öyrənir və həll etməyə çalışır. Yalnız bundan sonra qaydanı onlara öyrədirik. Bu zaman şagirdlər daha yaxşı qavrayırlar. Çünki həlli yolunu özün araşdırsan, bütün mərhələləri özün keçsən, heç vaxt o qaydanı unutmayacaqsan.
Digər fərqə gəlincə, Azərbaycanda 5-ci sinifdə öyrədiləni burada 7-ci sinifdə uşaqlara tədris edirlər. Kanadada 6-8-ci sinifləri əhatə edən orta məktəb (middle school - L.M.) və 9-12-ci sinifləri əhatə edən ali məktəb (high school - L.M.) arasında çox böyük boşluq var.
Bundan başqa, Azərbaycanda tapşırıqlarını etməyən, imtahanlardan keçə bilməyənlər sinifdə qalırlar. Burada isə uşaqlar sinifdə qalmırlar.
- Müşahidələrim göstərir ki, Kanadada təhsil sistemində şagirdlərdə özünə inam, özünü ifadə etməyi öyrətmək dərsdən daha vacibdir. Amma Azərbaycanda bu, yoxdur. Siz necə düşünürsünüz?
- Razıyam. Mən o vaxt Azərbaycandan çıxanda elə idi.
- Elə indi də vəziyyət dəyişməyib...
- Yadımdadır ki, orta məktəbdə öz fikirlərimi ifadə etməyi bacarmırdım. Burada isə 4 yaşından başlayaraq uşaqlara tez-tez verilən suallardan biri budur "filan mövzu haqqında sən nə düşünürsən". Kanadada təqdimat bacarığı çox vacibdir və uşaqlara öyrədilir ki, filan mövzuda necə danışmalı, özlərinə inamı necə qazanmalıdırlar, səslərinin, fikirlərinin eşidildiyinə necə əmin ola bilərlər. Mən məktəbdə ona görə çox sakit idim ki, heç kəsin mənim nə düşündüyümü eşitməyə, bilməyə ehtiyacı yox idi. 10 səhifədən ibarət inşa yazırdıq və bununla da iş tamamlanırdı. Heç inşada da adətən öz fikirlərimiz yer almırdı. Burada isə başqasının fikirlərini özününkü kimi təqdim etmək bağışlanılmazdır. Kiçik yaşlarından bu, uşaqlara aşılanır.
Bir də Kanadada uşaqlara səhv etməkdən çəkinməməyi, utanmamağı öyrədirlər. Həmişə deyirik ki, sinifdə uğursuz uşaq yoxdur, öyrənmək məhdudiyyəti olanlar var. Müvəffəqiyyətsizliklə qarşılaşmayan uğur qazana bilməz. Səhvlər təcrübə qazanmaq üçün eksperimentdir. Əgər nəsə edirsənsə, səhv olsa belə, artıq uğurlu olmağından xəbər verir. Buna görə də burada uşaqlar utanmadan əllərini qaldırıb fikirlərini deyirlər. Səhv olanda heç kim onlara gülmür, danlamır. Azərbaycanda isə səhv deyəndə müəllim başqa cür yanaşır və birbaşa deyir ki, "yox, səhvdir". Bu zaman uşaqda özünə inamsızlıq yaranır, ikinci dəfə əlini qaldırıb nəsə deməkdən çəkinir. Burada isə biz hətta "yox, səhvdir" belə demirik. Deyirik ki, "yaxşı, fərqli fikirdir, daha kim nə düşünür?". Bu cür yanaşma ilə "yox, səhv deyirsən, otur" demək arasında böyük fərq var.
- Azərbaycanda öyrəşdiyimiz tyutor sistemi Kanadada da var. İlk dəfə burada eşidəndə təəccüblənmişdim. Hətta küçələrdə müəyyən məkanlara, dayanacaqlara uşaq hazırlaşdırmaqla bağlı elanlar yapışdırırlar. Bu, orta məktəblərdə təhsil sisteminin zəif olmasındanmı irəli gəlir?
- Səbəbər müxtəlifdir. İlk olaraq, fərdi sahibkarlıq geniş yayılan ölkələrdə insanların çoxu özlərinə işləməyə üstünlük verir ki, bunlardan biri tyutorluqdur. İnsanlara rahatlıq verdiyindən, bu cür iş sistemi getdikcə genişlənir. İkincisi, əsasən immiqrantlar yeni ölkədə uşaqlarının dərsələrində geri qaldığını görəndə tyutora müraciət edirlər. İmmiqrantların uşaqları əksər hallarda ingilis dilini bilmirlər və təbii ki, bu halda dərsləri başa düşmürlər. Bu zaman valideyn uşağının geri qalmasını istəmədiyi üçün tyutora müraciət edir. Digər tərəfdən, universitetə qəbul olmaq istəyənlərin orta məktəb qiymətləri yüksək olmalıdır. Əks halda universitetə qəbul ola bilmirlər. Bu səbəbdən valideynlər uşaqlarını müəllim yanına qoyurlar ki, orta məktəbin yuxarı siniflərində qiymətləri yüksək olsun.
- Azərbaycanda ali təhsil almaq dəb halını aldığı halda, Kanadada gənclərin ali məktəbə o qədər də həvəsi yoxdur. Bu, nə ilə əlaqədardır?
- Burada bütün insanlar ali təhsilə ehtiyaclarının olduğunu düşünmürlər. Çünki ali təhsil almaq heç də həmişə yaxşı iş imkanı qazanmaq demək deyil. Mən tələbələr görmüşəm ki, universitetdə oxuduqları 4 il ərzində gələcəkdə nə işlə məşğul olacaqlarını bilmirlər. Ali təhsillərini başa vuranda isə iş tapmırlar. Bu, mühəndis, tibb bacısı, müəllim, hüququşünas, həkim ixtisaslarına yiyələnənlərə aid deyil. Bu ixtisasları bitirənlər bilirlər ki, qurtaran kimi iş tapacaqlar. Amma məsələn, universitetdə siyasi elmlər sahəsində oxuyanlar çox vaxt nə olacaqlarını bilmirlər. Kolleci bitirənlər isə peşə əldə edirlər. Santexnik, elektrik, sosial işçi, müəllim köməkçisi və s. kimi ixtisasları bitirənlər rahatlıqla iş tapırlar. Hazırda yuxarı siniflərdə yalnız akademik biliklər verilmir, həm də demək olar, bütün məktəblərin yuxarı siniflərində santexnik, saç ustası, vizajistlik və s. sənətlər öyrədilir. Oxuya-oxuya həm də istehsalatda təcrübə keçirsən. Qurtarandan sonra işləyə, yaxud kollecə gedə bilərsən. Burada düşünürlər ki, əgər bir gənc avtomobillərlə işləməyi sevir, avto-mexanik olmaq istəyirsə, niyə universitetə qəbul olmalıdır? Kanadanın ali təhsili olub işi olmayan insanlara deyil, daha çox texniki-peşə məktəblərini bitirənlərə ehtiyacı var.
Bundan başqa, təhsil haqqı da yüksəkdir. Bu da insanların oxumaq istəməməsinə səbəb olan başqa bir faktordur. Baxmayaraq ki, oxumaq istəyənlərə dövlət borc pul verir, bitirib iş tapandan sonra yavaş-yavaş ödəyirsən.
- İradə xanım, bir az da övladlarınız barədə danışardıq. Onlar nə işlə məşğuldurlar?
- Qızım Nigar bakalavr dərəcəsi üzrə Jurnalistika fakültəsini, magistratura pilləsi üzrə İctimaiyyətlə əlaqələr fakültəsini bitirib. Universiteti bitirən kimi şirkətlərin birində ictimaiyyətlə əlaqələr şöbəsində iş tapdı, sonra Ottavada dövlət strukturunda İctimaiyyətlə əlaqələr koordinatoru və məmur kimi çalışdı. İki ildən sonra Torontoya qayıtdı, hazırda bütün Toronto üzrə CİBC bankın kommunikasiya üzrə meneceridir. Oğlum Emil maliyyə mühəndisidir. Kanada Təqaüd Planı İnvestisiya Nazirliyində maliyyə analitiki işləyir. Hər iksisi öz sahələri üzrə peşəkardırlar.
- Övladlarınız karyera pilləsində çox şey əldə ediblər və dediyiniz kimi, peşəkardılar. Heç hərdən sizin məsləhətlərinizə ehtiyac duyurlar?
- Ehtiyacımız olduğu halda heç vaxt bir-birimizdən məsləhətlərimizi əsirgəməmişik. Övladlarımın hər ikisi Torontoda ev alıb bizdən ayrı yaşasalar da, şənbə-bazarları birlikdə oluruq. Hərəmiz özümüz, işimiz barədə danışır, bir-birimizi dinləyir və məsləhətlərimizi veririk. Deyə bilmərəm ki, yalnız mən və yoldaşım məsləhət veririk. Hamımızın bir-birimizin fikrinə ehtiyacımız olur. Qərar qəbul etməmişdən əvvəl həmişə mütləq ailə üzvlərimizin fikrini soruşuruq. Biz bir-birimizə çox bağlı və bu üzdən bir-birimizdən asılıyıq. Bu da bizi daha möhkəm, uğurlu və xoşbəxt edir.
Lalə MUSAQIZI