O “bomba”dan uzaq durun!

Maraqlı

10.07.2019 - 00:47

Trans-yağlar aterosklerozun əsas səbəbidir

 

Təbii kərə yağı insan sağlamlığı üçün ən faydalı məhsullardan biridir. Təəssüf ki, son vaxtlar kərə yağı adı altında bizə daha çox marqarin, spred və s. bu kimi saxta ziyanlı yağlar təklif olunur.

 

Marqarini XIX əsrdə fransız kimyaçı icad edib. Bu icadın əsas məqsədi kasıb əhalini ucuz "yağla" təmin etmək idi. O vaxtlar marqarinin orqanizmə olan ziyanı haqqında heç kim fikirləşmirdi, əsas məqsəd insanları doydurmaq idi.

 

AYNA saglamolun.az-a istinadən xəbər verir ki, marqarin ən ucuz bitki yağlardan hazırlanır. Hazırlanma zamanı duru yağlar xüsusi üsullarla emal olunur ki, nəticədə onlar bərkiyir və kərə yağına oxşar konsistensiya alır. Bu kimyəvi reaksiyalar nəticəsində ziyanı bütün dünyada təsdiq olunmuş trans-yağlar əmələ gəlir.

 

Orqanizmə hüceyrə səviyyəsində təsir edən trans-yağlar orqanizm üçün gec işə düşən “bomba”ya çevrilir. Onların daim istehlakı tədricən ürək-damar, sinir, immun, cinsiyyət sistemlərini, mübadilə proseslərini sıradan çıxarır, şəkərli diabet və xərçəngin inkişafı riskini artırır, piylənməyə səbəb olur.

 

Çoxdan sübut olunub ki, məhz trans-yağlar aterosklerozun əsas səbəbidir. Bu xəstəlik zamanı damarlarda xolesterin yığılır, damarlar daralır, iltihablaşır, zəifləyir ki, nəticədə onların tam qapanması və ya partlaması riski xeyli artır. Bu isə, bütün dünyada ölümün ilk səbəblərindən biri olan infarkt və insultun inkişafı deməkdir.  

 

Araşdırmalar göstərir ki, uzun müddət ərzində trans-yağları qəbul edən kişilərdə testosteronun səviyyəsi və spermanın keyfiyyəti aşağı düşür, potensiya zəifləyir, sonsuzluğun riski artır.

 

Trans-yağlar orqanizmin streslərə olan davamlılığını azaldaraq daha ağır stress və depressiyaların inkişafına səbəb olur. Alimlər Alsheymer xəstəliyinin daha çox yayılmasını da trans-yağların istehlakı ilə əlaqələndirirlər.

 

Nəzərə almaq lazımdır ki, böyüməkdə olan uşaq orqanizminə trans-yağlar xüsusilə ziyanlıdır. Bütün bunları nəzərə alaraq sizi şübhəli, ucuz, mənşəyi bilinməyən yağlardan uzaq olmağa çağırırıq.

 

Trans-yağların mənbələri:

 

- marqarin, spred və bu kimi saxta yağlar;

 

- dükanlarda satılan peçenye, pirojna, tort, vafli və sair;

 

- fast-fud, yarımfabrikatlar;

 

- mayonez, ketçup və s bu kimi souslar;

 

- ucuz şokolad, şokolad yağları və şokolad konfetləri;

 

- çips və s. sneklər.

Müəllif: Ayna.az