Onu dövlətə xəyanət maddəsi ilə 25 ilə qədər həbs gözləyir
Quranı yandırdığına görə 3,5 il həbs cəzası alan 20 yaşlı Nikita Juravel indi dövlətə xəyanət maddəsi ilə mühakimə olunacaq. AYNA rus mediasına istinadən bildirir ki, bu barədə Volqoqrad vilayətinin prokurorluğuna istinadən “Birinci şöbə” insan hüquqları layihəsi məlumat yayıb.
“Prokurorluq iddia edir ki, 2023-cü ilin martında, yəni Quranın yandırılmasından iki ay əvvəl Juravel Ukraynaya hərbi texnika, hərbi təyyarə və hərbi hissənin xidməti maşını olan qatarların videosunu göndərib. İşə mahiyyəti üzrə Volqoqrad məhkəməsi baxacaq”, - bildirilib.
Qeyd edək ki, Juravel 2023-cü ilin mayında dindarların hisslərini təhqir etdiyinə görə saxlanılıb. Müstəntiqlərin fikrincə, Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə o, Volqoqraddakı məscidin qarşısında Quranı yandırıb. Bundan sonra vəd edilən 10 min rubl mükafat müqabilində bu addımının görüntülərini Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşına verib.
Juravelin həbsindən beş gün sonra o, Qroznıdakı istintaq təcridxanasına aparılıb və burada Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adam tərəfindən döyülüb. Respublika başçısı döyülmə anının videosunu “Telegram” kanalında yayımlayıb. Kadırov oğlunun hərəkətini “düzgün etdi” sözləri ilə şərh edib. Qroznı polisi Adam Kadırovun əməllərində cinayət görməyib.
Juraveli döydükdən sonra kiçik Kadırov altı orden, Çeçenistan Qəhrəmanı adı və respublika başçısının təhlükəsizlik idarəsinin rəisi vəzifəsi alıb.
Fevralın 27-də Çeçenistan Respublikasının Qroznı şəhərinin Visaitovski Rayon Məhkəməsi Nikita Juraveli dindarların hisslərini təhqir etməkdə və dini ədavətlə xuliqanlıqda təqsirli bilib və 3,5 il müddətinə azadlıqdan məhrum edib. Onu dövlətə xəyanət maddəsi ilə 25 ilə qədər həbs gözləyir.