“Böyük bir qüvvə onları kənardan dəstəkləyir. Şiş götürülməsə, yayılacaq”
“Mixail Saakaşvilinin Vahid Milli Hərəkat Partiyası “xərçəng şişidir””. AYNA xəbər verir ki, bu sözləri Gürcüstanın keçmiş Baş naziri, hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının qurucusu Bidzina İvanişvili “İmedi” kanalına müsahibəsində deyib.
“Böyük bir qüvvə onları kənardan dəstəkləyir. Onları qadağan etmək üçün konstitusiya çoxluğu lazımdır... Şiş götürülməsə, yayılacaq”, - İvanişvili qeyd edib.
İvanişvili vurğulayıb ki, son 12 il ərzində Saakaşvilinin qurucusu olduğu partiya “daim inqilabi vəziyyət yaradıblar” - “Bu səbəbdən partiya qadağan edilməli olan xalq düşmənlərindən ibarətdir”.
Müsahibəsində İvanişvili Gürcüstanın keçmiş Baş naziri İrakli Qaribaşviliyə Rusiya ilə müharibəyə başlamaq təklifi edildiyini bildirib. Onun sözlərinə görə, bu ideyanı yüksək rütbəli Qərb rəsmisi irəli sürüb və o, rəsmi Tiflisin 3-4 gün dözəcəyini söyləyib: “Bundan sonra Gürcüstan Qərb tərəfindən dəstəklənən meşədə partizan hərəkatına başlamalı idi”.