Onlar Suriyaya getməyi və İŞİD sıralarında döyüşməyi planlaşdırıbmışlar
İŞİD terror təşkilatına qoşulmaqda təqsirləndirilən beş gürcüstan vətəndaşına hökm oxunub. Bu barədə AYNA gürcü mediasına istinadən bildirir.
Qeyd edilib ki, Gürcüstan Prokurorluğunun təqdim etdiyi sübutlar əsasında Tbilisi Şəhər Məhkəməsi beş nəfəri terror təşkilatına üzv olmaqda, xarici terror təşkilatında iştirakda, terror fəaliyyətinə yardım etməkdə və təhrik etməkdə təqsirli bilərək həbs edib.
Prokurorluğun məlumatına görə, Terrorla Mübarizə Mərkəzinin araşdırmasıyla təsdiq edilib ki, “İslam Dövləti” xarici terror təşkilatı ilə əlaqəsi olan bir Gürcüstan vətəndaşı daha 4 Gürcüstan vətəndaşının həmin təşkilata daxil olmasına şərait yaradıb.
“İŞİD-in yeni üzvləri Suriyaya getməyi və "İslam Dövləti" sıralarında döyüşməyi planlaşdırıblar. Bunun qarşısı Gürcüstan Prokurorluğu və Terrorla Mübarizə Mərkəzinin birgə tədbirləri ilə vaxtında alınıb", - deyə məlumatda vurğulanıb.
Tiflis Şəhər Məhkəməsi bir nəfəri Gürcüstan Cinayət Məcəlləsinin 328-ci (xarici terror təşkilatına üzv olmağa kömək etmə və terror fəaliyyətinə yardım etmə) maddəsi ilə təqsirli bilib və 12 il müddətinə azadlıqdan məhrum edib. Digər dörd nəfər isə Gürcüstan Cinayət Məcəlləsinin 327-ci maddəsi ilə (terror təşkilatına üzv olmaq) təqsirli bilinib və hər biri barəsində 10 il həbs cəzasına məhkumetmə hökmü verilib.