"Cərrahi əməliyyat və ya onun xaricə aparılması variantları məqsədəuyğun sayılmadı"
Bir həftə öncə komaya düşmüş, Azərbaycanın sabiq Daxili İşlər naziri İsgəndər Həmidovun vəziyyəti ağırdır. AYNA xəbər verir ki, bu barədə tibb elmləri doktoru Adil Qeybulla məlumat verib.
A.Qeybullanın sözlərinə görə, Türkiyədən gətirilmiş həkim İ.Həmidovun əməliyyat olunmasını məsləhət görməyib: "İstiqlalçı millət vəkili, sabiq daxili işlər naziri, dəyərli dostumuz İsgəndər Həmidovun vəziyyəti kritik durumdadır. Bir neçə gün öncə qardaş Türkiyədən gəlmiş neyrocərrah, professor Kadir Tafta ilə konsultasiya edildi. Baş beynin tomoqrafiyası müayinəsi zamanı işemik prosesin artıq beynin hər iki yarımkürəsini əhatə etməsi müəyyən edildi. Cərrahi əməliyyat və ya onun xaricə aparılması variantları məqsədəuyğun sayılmadı. Aparılan müalicə sxeminə müəyyən korrektələr edildi".
"Hazırda hemodinamikası inotrop (dərman preparatları hesabına) dəstəkdədir, qeyri-stabildir. Mütəmadi tənəffüs pozuntuları qeyd edilir. Bir sözlə, həkimlər onun həyatı ilə çarpışırlar. Allah şəfa versin, dualarımız onunladır", - deyə həkim qeyd edib.
Qeyd edək ki, komada olan sabiq nazir süni ventilyasiya aparatına qoşulub.