Daxili İşlər Nazirliyi aksiya iştirakçılarını polisin qanuni tələblərinə tabe olmağa çağırıb
Ermənistan Daxili İşlər Nazirliyi (DİN) İrəvanın Respublika meydanında bəzi etirazçıların polis əməkdaşlarına hücum etdiyini açıqlayıb. Bu barədə AYNA erməni mediasına istinadən bildirir.
“Polis qanunla müəyyən edilmiş funksiyalarını yerinə yetirməkdə davam edir. İstənilən qanunsuz hərəkətə müvafiq cinayət-hüquqi qiymət veriləcək”, - deyə məlumatda vurğulanıb.
DİN aksiya iştirakçılarını qanunu pozmamağa və polisin qanuni tələblərinə tabe olmağa çağırıb.
Qeyd edək ki, bu gün səhər saatlarında “Vətən uğrunda Tavuş” hərəkatının etiraz aksiyasının keçirildiyi İrəvanın Respublika meydanında gərgin vəziyyət yaranıb. Etirazçılarla polis əməkdaşları arasında vaxtaşırı toqquşmalar olur.