“İrəvan Bakı ilə gömrük və sərhəd rejimlərinin sadələşdirilməsini müzakirə etməyə hazırdır”

Aktual

09.01.2024 - 14:43

Sarkis Xandanyan: “Bakının formalaşdırmağa çalışdığı kimi, maneəsiz keçid Ermənistan üçün qəbuledilməzdir”

“İrəvan rəsmi Bakı ilə gömrük-sərhəd rejiminin sadələşdirilməsi məsələsini müzakirə etməyə hazırdır. Lakin maneəsiz gediş-gəlişin müzakirəsi mümkünsüzdür”. AYNA erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistan Parlamentinin Xarici Əlaqələr Komissiyasının rəhbəri, “Mülki Müqavilə” Partiyasının üzvü Sarkis Xandanyan “Azadlıq” radiosu ilə söhbətində bildirib.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin “Ermənistan gömrük və sərhəd nəzarəti olmadan, Azərbaycanla Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməlidir” sözlərini şərh edən Xandanyan deyib ki, “bu, Ermənistanın sadəcə olaraq tərk edə bilməyəcəyi “qırmızı xətlər”dir” deyə vurğulayıb.

Xandanyan bildirib ki, regional kommunikasiyaların blokdan çıxarılması prosesi aydın prinsiplərə əsaslanmalıdır: yurisdiksiya, suverenlik, bərabərlik və ölkələrin qarşılıqlılıqlı ərazi bütövlüyünü tanıması.

“Ölkələrin sərhədlərində həm təhlükəsizlik, həm də malların və vətəndaşların keçidi baxımından gömrük və bütün digər nəzarət mexanizmlərinin fəaliyyət göstərməsi çox vacibdir.Gömrük və sərhəd rəsmiləşdirilməsinin müxtəlif üsulları, o cümlədən sadələşdirilmiş üsulları mövcuddur. Bu məsələ müzakirə mövzusudur, lakin Bakının formalaşdırmağa çalışdığı kimi, maneəsiz keçid Ermənistan üçün qəbuledilməzdir. Çünki bu, müəyyən dərəcədə ekterritoriallığı nəzərdə tutur və bizim suverenliyimizin pozulması deməkdir”, - Xandanyan vurğulayıb.

Müəllif: Ayna.az