TƏBİB: “Səhiyyə sistemi yüklənir, bizə cəmiyyətin dəstəyi lazımdır”

Aktual

19.11.2020 - 14:40

Yaqut Qarayeva: “İki cəbhədə mübarizə aparırıq, bizə cəmiyyətin dəstəyi lazımdır”

 

“Biz Vətən Müharibəsi dövründə iki cəbhədə vuruşmuşuq. Həkimlərimiz hər iki cəbhədə ciddi şəkildə mübarizə aparıblar. Bu gün dünyada koronavirusa yoluxanların sayı 56 milyon nəfəri keçib, 39 milyondan çox insan sağalıb, 1 milyondan çox insan həyatını itirib”

 

AYNA xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə qərargahın üzvü, TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.   

 

TƏBİB rəsmisi qeyd edib ki, Azərbaycanda yoluxmanın gündəlik səviyyəsi 2 mini ötüb: “Səhiyyə sistemi yüklənir. Ötən dövrdə 10-dan çox modul tipli xəstəxana açılıb, həkimlərimizin ixtisası artırılıb, xaricdən həkim briqadaları gəlib. Ancaq bu tendensiyanın davam etməməsi lazımdır. Hər bir ölkə kimi bizim ölkəmiz bu yükün altında əziyyətə düşür. Biz hələ də müharibədə döyüşmüş əsgərlərimizə qulluq edir, iki cəbhədə mübarizə aparırıq. Ona görə də bizə cəmiyyətin dəstəyi lazımdır. Müharibədə gördük ki, xalqımız bir ola, bir yerə yumruq vura bilir”.

 

 “Dünən 2239 nəfər koronavirusa yoluxub, 1217 nəfər sağalıb. Yoluxan və sağalan xəstələr arasında fərq nəticəsində gələcəkdə xəstəxanalarda yer çatışmazlığı yaşana bilər. Bu gün artıq biz 13 min test apara bilirik, əvvəllər bu rəqəm 5 min ətrafında idi. Yoluxmanın artması nəticəsində gündəlik ölənlərin sayı da 25 nəfərə çatır”, - deyə Y.Qarayeva vurğulayıb.

Müəllif: Ayna.az