Parasta Əhmədiyə şallaqlama ilə yanaşı, iki il müddətinə xaricə səyahət etmək və bədii fəaliyyətlə məşğul olmaq qadağan olunub
İranlı müğənni Parasta Əhmədi hicabsız oxuduğuna görə 74 şallaq cəzasına məhkum edilib. AYNA.AZ xəbər verir ki, bu barədə “Iran International” müğənninin vəkili Mustafa Nilinin Emtedada istinadən məlumat yayıb.
Məhkəmə 29 yaşlı sənətçini hicabsız oxuduğuna görə "ictimai əxlaqı təhqir etməkdə" günahkar bilib.
Konsert 11 dekabr 2024-cü ildə İpək Yolundakı tarixi Deyr Qaçin karvansarasında baş tutub. Tamaşaçıların olmamasına baxmayaraq, çıxışın videosu 3 milyondan çox izlənilib.
Videogörüntülərdə Əhmədi qolsuz paltar geyinib və baş örtüyü olmayıb. Bu da qadınların hicabsız ictimai yerlərdə çıxış etməsini qadağan edən İran qanunlarını pozur.
Videonun dərc olunmasından sonra Əhmədiyə qarşı cinayət işi açılıb. 2025-ci ilin iyun ayında Qum şəhərindəki məhkəmə müğənnini və daha səkkiz nəfəri "ictimai əxlaqı təhqir etməkdə" günahkar bilib. Onun vəkilləri sentyabr ayında apelyasiya şikayəti veriblər, lakin apelyasiya şikayəti rədd edilib.
Şallaqlama ilə yanaşı, təqsirləndirilən şəxslərə iki il müddətinə xaricə səyahət etmək və bədii fəaliyyətlə məşğul olmaq qadağan olunub.
Vəkil Mustafa Nili hökmlərin 23 noyabrda icra edildiyini bildirib. O, həmçinin Əhmədi və qrupunun dörd üzvünün hökmün icrası üçün prokurorluğa müraciət etdiklərini də söyləyib.