İranın 20 dəqiqəlik şousu və ya İsrailə simvolik cavab: Yaxın Şərq “qaynayır”

Dünya

15.04.2024 - 13:45

İlham İsmayıl: “İndi İsrail hökuməti anlayır ki, İranın ərazisinə raket zərbələri endirmək Təl-Əvivin xeyrinə deyil”

Ötən şənbə gününü gecəsi Yaxın Şərqdə onsuz da gərgin olan vəziyyət bir qədər də gərginləşdi. Belə ki, İran İsrailə şənbədən bazara keçən gecə 300-dən çox pilotsuz təyyarə, qanadlı və ballistik raket atdı. Həmin gün Yerusəlimdə yerli vaxtla 01:45 radələrində sirena verilib və güclü partlayış səsləri eşidilib. Bu, hava hücumundan müdafiə sisteminin şəhər üzərində obyektləri vurması ilə əlaqəli olub. Hücum nəticəsində 7 yaşlı qız da daxil olmaqla, ümumilikdə, 12 nəfər yaralanıb. Həmçinin bir hərbi baza yüngül zərər görüb. İsrail bu hücumun özü və müttəfiqləri tərəfindən zərərsizləşdirildiyini deyib.

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) bəyan edib ki, İsraildə müəyyən hədəflərə raket və dron hücumu ediblər.

Bazar günü axşam saatlarında BMT-nin Təhlükəsizlik Şurasının təcili iclası keçirilib və təşkilatın baş katibi Antonio Quterreş iclasda üzv ölkələri gərginliyi artırmamağa çağırıb.

“Region xalqları dağıdıcı və tammiqyaslı münaqişənin real təhlükəsi ilə üz-üzədir. İndi təsirsizləşdirmə və gərginliyi azaltmaq vaxtıdır. Nə region, nə də dünya daha bir müharibəyə imkan verə bilər”, Quterreş bildirib.

İclasda çıxış edən İsrailin BMT-dəki səfiri Gilad Erdan çox gec olmadan qurumu “İrana qarşı bütün mümkün sanksiyaları" tətbiq etməyə çağırıb.

İran səfiri Əmir Səid İrəvani isə ölkəsinin addımının “zəruri və müvafiq” olduğunu bildirib. Səfir əlavə edib ki, Tehran regionda müharibəyə can atmır və ABŞ-la münaqişəyə girmək niyyətində deyil: “Lakin Vaşinqton hərbi müdaxilə edərsə, İran müvafiq şəkildə cavab verəcək”.

ABŞ səfirinin müavini Robert Vuud isə xəbərdarlıq edib ki, “əgər İran və ya onun müvəkkilləri ABŞ və ya İsrailə qarşı növbəti addım atsa, İran məsuliyyət daşıyacaq”.

Daha əvvəl isə İsrail İranın hücumuna "uyğun bildiyi formada və zamanda" cavab verəcəyini bildirib.

“Biz regional koalisiya qurub, özümüz uyğun bildiyimiz formada və zamanda İranı bunun hesabını ödəməyə məcbur edəcəyik”, - bazar günü İsrail Müharibə Kabinetinin rəhbəri, keçmiş müdafiə naziri Benni Qantz vurğulayıb.

Bazar günü İsrailin Baş nazir Benyamin Netanyahu, müdafiə naziri Yoav Qallant və Qantzın daxil olduğu Müharibə Kabinetinin iclası keçirib. İclasdan sonra xalqa müraciətində netanyahu deyib ki, ordu "istənilən ssenariyə hazırdır”.

Daha əvvəl Qərb və İsrail nəşrləri anonim mənbələrə istinadən bildirmişdilər ki, ABŞ İsraili hərbi cavab verməkdən çəkindirmək üçün ona təzyiq edir.

“ABŞ və digər tərəfdaşlarla birlikdə biz İsrail dövlətinin ərazisini müdafiə edə bildik. Çox az ziyan dəyib", - İsrailin müdafiə naziri söyləyib. Lakin əlavə edib ki, “bu, kampaniyanın sonu deyil... İstənilən ssenariyə hazır olmalıyıq”.

İran hücumu "Doğru vəd əməliyyatı” adlandırıb və bildirib ki, hücum aprelin 1-də İran səfirliyinə hücum da daxil olmaqla, İsrailin "təkrarlanan cinayətləri" ilə bağlıdır. İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Məhəmməd Baqiri dövlət televiziyasına deyib ki, İsrail cavab tədbirləri görəcəyi təqdirdə İranın cavabı gecəki hücumdan “daha böyük” olacaq.

İran İsrailə hücum barədə qonşularını və dostlarını hücumdan üç gün əvvəl xəbərdar edib, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib.

“Əməliyyat başlamazdan təxminən 72 saat əvvəl biz bölgədəki dostlarımıza və qonşularımıza İranın İsrailə cavab tədbirləri barədə məlumat vermişik ki, bu, qanuni və qətidir”, - o deyib. Onun sözlərinə görə, xarici səfirlərlə görüş zamanı İran ABŞ-a bildirib ki, onun İsrailə zərbələri “məhdud” olacaq və özünümüdafiə məqsədi daşıyacaq.

Bir neçə saat sonra BMT nizamnaməsinin 51-ci maddəsini misal gətirən İran bildirib ki, "artıq məsələ bitmiş hesab edilə bilər". Bu barədə İranın BMT-dəki daimi nümayəndəliyi “X” sosial şəbəkəsində bildirib.

Başqa sözlə, İran İsrail "qisas almaq istəməsə" hücumu davam etdirməyəcəyinə işarə edib, lakin bildirib ki, bu, İran və İsrail arasında "münaqişədir və ABŞ kənarda qalmalıdır".

Son iki gündə Yaxın Şərqdə baş verənləri AYNA-ya müsahibəsində şərh edən təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl deyib ki, İran hər zaman ritorikadan istifadə edən dövlət olub:

- Hətta 1978-ci ildən, İslam İnqilabından bu yana, Tehranın İsrail və ABŞ-la bağlı bəyanatları elə bəyanatdan o tərəfə keçməyib. Dəfələrlə eşitmişik ki, İran “sionist İsraili yer üzündən siləcəyik”, “Amerikanı məhv edəcəyik” kimi ritorikadan istifadə edib. Amma heç zaman İran İsrailə birbaşa müdaxilə etməyib. İstər hücumlar olsun, istərsə də terror aktları, İran hər zaman bunu proksi qüvvələrin vasitəsi ilə edib. Yaxud da, İsrailə zərbələr İran ərazisindən deyil, qonşu ölkələrin ərazisindən, xüsusilə, Livandan, Suriyadan, qismən də İordaniyadan endirilib. Bu dəfə isə birbaşa öz ərazisindən hücum etdiyini açıqladı və bunu həyata keçirdi. Tarixdə bu bir ilk idi.

Dəməşqdəki İran konsulluğunun binası İsrail tərəfdən vurulduqdan sonra Tehran hədələməyə başladı. Bunun cavabının ikiqat veriləcəyi bəyan edilmişdi. Xatırlatmaq istəyirəm ki, bir neçə il əvvəl SEPAH generalı Qasım Süleymani Suriyada öldürüləndən sonra da İran qisasın alınacağını açıqlamışdı. Sonra ABŞ kəşfiyyatından sızan məlumatlara görə, Tehrandan Vaşinqtona xəbər göndərilib ki, İraqdakı Amerika bazalarına raket atacaqlar, itki olmamaq üçün əsgərlər təxliyə edilsin. İran tərəfi ABŞ-a açıq şəkildə bildiribmiş ki, Süleymaninin öldürülməsinə görə cavab görüntüsü yaradılmalıdır. Hesab edirəm ki, İsrailə zərbələr də görüntü üçün idi. Əvvəl xəbərdarlıq edildi, sonra dronların göndərilmə, raketlərin atılma tarixləri açıqlandı. Müharibə belə olmur axı.

Bu hadisənin fərqli cəhəti odur ki, İran ilk dəfə olaraq öz ərazisindən İsrailə raket zərbələri endirdi. Yenə deyirəm, son 45 il ərzində İran hər zaman başqa ölkələrin ərazisindən istifadə edirdi. Tehrandakılar anlayırlar ki, öz ərazisindən İsrailə zərbə İranın özünə qarşı çevrilə bilər, İranın özü hədəfə gələ bilər. Amma bu dəfə öz ərazisindən istifadə etdi.

- Kütləvi raket zərbələri endirilsə də, İsrailə bunun təsiri o qədər də olmadı...

- Təxminən 300-dək raket zərbəsi endirildi. Amma demək olar ki, o raketlərin 90 faizi İsrail ərazisinə çatmamış zərərsizləşdirildi. Bu raketlərin zərərsizləşdirilməsi İsrailin özünün “Dəmir qübbə” silahı və ABŞ-la Böyük Britaniyanın təyyarələri vasitəsilə zərərsizləşdirildi. Raketin atılmasından 18-20 dəqiqə sonra İranın ABŞ-dakı nümayəndəsi çıxış etdi ki, Tehran artıq Təl-Əvivə cavabını verib, işi bitirdi. Bununla yanaşı, İran nümayəndəsi ABŞ-ın bu məsələyə qarışmamasını xahiş etdi. Demək istədiyim odur ki, İranın bu əməliyyatı göstərişdən başqa bir şey deyildi. Yəni Tehran deyir ki, belə bir cavab verilməsi “bizə lazım idi”, bundan sonra gərginliyin dərinləşməsində “maraqlı deyilik”. Təbii ki, ABŞ da hadisələrin gərginləşməsinin marağında deyil. Vaşinqton Təl-Əvivə açıq şəkildə bildirir ki, müdafiədə İsrailin yanında olsalar da, İsrail hücum etsə, yanlarında olmayacaq. İsrail tərəfi cavab veriləcəyini bəyan edir. Amma göründüyü kimi, cavab yoxdur.

- İsrailin İranın bu əməliyyata cavabı olacaqmı?

- Zənn etmirəm ki, cavab tədbiri olacaq. Qəzzada gedən müharibə dövründə İsrailin beynəxalq aləmdə mənfi obrazı yaranıb. İslam dünyası ilə yanaşı, Qərbdə də belə fikirlər yaranıb ki, İsrail Qəzzada mülki əhalinin soyqırımını həyata keçirir. İndi İsrailin əlinə bu mənfi imici neytrallaşdırmaq üçün fürsət düşüb. İranın bu şousu ilə İsrail mənfi imici aradan qaldırmaq üçün “kart-blanş” aldı. İndi İsrail hökuməti anlayır ki, İranın ərazisinə raket zərbələri endirmək Təl-Əvivin xeyrinə deyil. İsrail cavab zərbəsi endirsə də, bunu İrandakı hərbi obyektlərə qarşı həyata keçirə bilər. Ən birinci Natanzı vurar. Orada nüvənin zənginləşdirilməsi prosesi gedir. Həm də bura Tehrana bir qədər yaxındır. Amma məncə, İsrail bunu etməyəcək. Lakin təbii ki, Yaxın Şərqdə gərginlik bundan sonra da davam edəcək.  

- İranın bu şou nəyə lazım idi?

- Bilirsiniz, Dəməşqdəki konsulluq binası vurulandan, orada iki iranlı general öldürüləndən sonra Tehran bu addımı atmalı idi. Faktiki olaraq, İsrail beynəlxalq qaydaları pozdu, diplomatik nümayəndəliyi vurdu. Düzdür, İsrail özünə bəraət qazandırmaq üçün bəyan etdi ki, həmin konsulluq binasında SEPAH hərbçiləri yığılırdı, İsrailin ərazisinə hücumlarla bağlı qərar o binada verilirdi, proksi qüvvələrin idarə olunması üçün konsulluq binası qərargah kimi istifadə edilirdi və s. Amma bu, beynəlxalq qayda-qanunlara ziddir. Diplomatik nümayəndəliyə hücum həmin ölkənin ərazisinə hücum deməkdir. Bu mənada, İran bu addımı atmalı idi. İran öz qürurunu qorumaq üçün cavab vermək məcburiyyətində idi.

Başqa bir amil isə proksi qüvvələrin təzyiqidir. Hizbullah, HƏMAS-ın özü Tehranın qarşısında məsələ qaldırdılar ki, Dəməşqdəki konsulluğun vurulmasına İranın özü niyə cavab vermir. İran həm də proksilərinin qarşısında  özünə bəraət qazandırmaq üçün bu addımı atdı. Ona görə də İranın hücumu cəmi 20 dəqiqə çəkdi. Yəni İran Dəməşqdəki diplomatik nümayəndəliyinə hücuma simvolik cavab verdi.

Müəllif: Anar Bayramoğlu