"İranın mövqeyi Pakistana çatdırılacaq"
27 apreldə Vaşinqton və Tehran arasında mümkün birbaşa danışıqlar barədə xəbərlərdən sonra İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü ABŞ ilə yeni görüşlərin planlaşdırılmadığını bildirib.
AYNA.AZ xəbər verir ki, İslam Respublikası XİN sözçüsü İsmail Beqayi sosial media platforması “X”də yazıb ki, “İran ABŞ ilə yeni danışıqlar raundu planlaşdırmır”.
"Biz Pakistanın İslamabad şəhərinə rəsmi səfər etdik. Xarici işlər naziri Abbas Əraqçi Amerikanın tətbiq etdiyi təcavüzkar müharibəyə son qoymaq və bölgəmizdə sülhü bərpa etmək üçün davam edən vasitəçilik və xoşməramlı fəaliyyətlərinin bir hissəsi olaraq Pakistanın yüksək vəzifəli rəsmiləri ilə görüşəcək", - deyə XİN rəsmisi qeyd edib.
Beqayi həmçinin İran və ABŞ arasında heç bir görüşün planlaşdırılmadığını vurğulayıb: "İranın mövqeyi Pakistana çatdırılacaq".
“Axios”un məlumatına görə, Əraqçi Baş nazir Şahbaz Şərif, xarici işlər naziri İshaq Dar və Pakistan Ordusunun Qərargah rəisi, feldmarşal Asim Munir ilə danışıqlar aparmaq üçün Pakistana səfər edib. Amerikalı danışıqçılar - Prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner də Pakistan hakimiyyəti ilə görüşməyi planlaşdırırlar.
“Axios” xəbər verir ki, ABŞ və İran arasında danışıqların yeni mərhələsi 27 aprel baş tuta bilər.
ABŞ və İran arasında birbaşa danışıqlar sonuncu dəfə 11-12 aprel tarixlərində Pakistanda keçirilib. Həmin vaxt tərəflər razılığa gələ bilməyiblər. Tramp daha sonra Hörmüz boğazının blokadasını elan edib.
ABŞ sülh planına 15 bənd daxil idi . Əsaslar Hörmüz boğazının açılması, İranın raket proqramının məhdudlaşdırılması və Tehranın nüvə proqramından imtina ilə bağlı idi. Bunun müqabilində ABŞ İrana qarşı sanksiyaları ləğv edəcəyinə və Buşəhr Atom Elektrik Stansiyasında mülki nüvə enerjisi proqramının inkişafına kömək edəcəyinə söz verib. İranın planı on müddəadan ibarət idi: İrana qarşı təcavüzkarlığa son qoymaq, Hörmüz boğazı üzərində nəzarətinin tanınması, uranı zənginləşdirmək hüququnun tanınması və bütün sanksiyaların ləğvi.
21 apreldə İran ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak etməkdən imtina edib. “Tasnim” agentliyinin məlumatına görə, İran hakimiyyəti görüşləri "vaxt itkisi" adlandırıb.