“Sionist rejim olan İsrail yalan və faktların təhrifi əsasında formalaşıb”
İran İsrailin Baş naziri Benyamin Netanyahunun iqamətgahına edilən hücumda hər hansı əli olduğunu inkar edir. AYNA xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Beqay deyib.
“Sionist rejim olan İsrail yalan və faktların təhrifi əsasında formalaşıb və yalan yaymaq bu rejim, onun cinayətkar liderlərinin hazırkı və daimi təcrübəsidir”, - XİN rəsmisi vurğulayıb.
Qeyd edək ki, “Şin Bet”in məlumatına görə, İsrail kəşfiyyat xidmətləri İranın Baş nazir Benyamin Netanyahu, müdafiə naziri Yoav Qalantı və İsrail Təhlükəsizlik Xidmətinin (Şin Bet) rəhbəri Ronen Bara qarşı sui-qəsd planının qarşısını alıb. Bu barədə cümə axşamı “Jerusalem Post” məlumat yayıb.
İsrailin Baş naziri Qeysəriyyə bölgəsindəki iqamətgahına pilotsuz təyyarənin hücumundan sonra İran agentlərini ona qarşı sui-qəsd cəhdində ittiham edib.
İsrail mətbuatının məlumatına görə, sui-qəsddə əsas rolu 73 yaşlı israilli iş adamı Moti Makman oynayıb. Hazırda o, həbs edilib və ittiham irəli sürülüb.