İran Azərbaycanda terrorçu axtarır? – İran Azərbaycanda?...

Aktual

03.04.2023 - 10:17

Deputat: “Tehran dindən siyasi məqsədlər üçün istifadə edir, təxribat törədir”

Güneyli mühacir: “İran Azərbaycandan güneylilərin və İsrailin qısasını alır”

İran Ordusunun Quru Qoşunlarının Komandanı Kiomərs Heydəri Azərbaycanda “sionist” qüvvələrin olması, 44 günlük Vətən müharibəsində Azərbaycanın Suriyadan gətirilən İŞİD terrorçularından istifadə etməsi və onların hələ də ölkə ərazisində olmasına dair səsləndirib. Azərbaycan Müdafiə Nazirliyi isə cavab açıqlamasında bildirib ki, Azərbaycan Respublikası ərazisində hər hansı xarici qüvvələrin olması haqqında İran tərəfinin ittihamı əsassız və tamamilə qəbuledilməzdir. Nazirlik bəyan edib ki, Azərbaycan Respublikasının ərazisində kənar elementlər mövcud deyil və Ermənistanın dünyada iki əsas müttəfiqi varsa, onlardan biri Fransa, ikinci isə İrandır.

Qeyd edək ki, son dövrlər Azərbaycanla İran arasında münasibətlər yenidən gərginləşib. Azərbaycanın İsraildə səfirliyinin açılmasından sonra cənub qonşumuz ölkəmizə qarşı ittihamlarını və təxribatlarını davam etdirir. Azərbaycanın İrandakı səfirliyinə qarşı silahlı terror hücumuna hüquqi qiymət verilməməsi, İran hüquq-mühafizə orqanlarının terror olayını məişət hadisəsi kimi təqdim etməsi, Milli Məclisin deputatı Fazil Mustafanın evinin qarşısında silahlı hücuma məruz qalması və bu hadisənin arxasında İrana bağlı qüvvələrin dayanması ilə bağlı iddialar molla rejiminin Azərbaycana qarşı təxribatlarının davamı kimi qiymətləndirilir.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, ilahiyyatçı alim Ceyhun Məmmədov mövzuya dair AYNA-ya açıqlamasında deyib ki, İran rejimi Azərbaycanda qarşıdurma yaratmağa çalışır: “Bəzi dövlətlər, eləcə də İran Azərbaycanda müxtəlif təxribatlar törətməyə, dindən siyasi məqsədlər üçün istifadə etməyə çalışır. Ələlxüsus Azərbaycanın İsraildə səfirliyinin fəaliyyətə başlaması İranı ciddi şəkildə narahat edir. Azərbaycanın istənilən dövlətlə diplomatik münasibətlər qurmaq hüququ var və buna görə kiməsə hesabat vermir”.

“İkitərəfli diplomatik münasibətlər hər hansı dövlətə qarşı yönəlməyib və rəsmi Bakı dəfələrlə bunu bəyan edib. Biz İranın daxili işlərinə qarışmadığımız kimi, onlar da bizim işlərimizə qarışa bilməzlər. Azərbaycanın İsraillə diplomatik münasibətlərinə Ermənistanla yaxınlaşmaq şəklində qarşılıq verən cənub qonşumuz ölkəmizə qarşı çeşidli təxribatlarını davam etdirir. İsrail İranın torpaqlarını işğal etməyib. Ermənistan isə 30 il ərzində torpaqlarımızı işğal altında saxlayıb. Həm işğal dövründə, həm də tarixi Zəfərdən sonra İran Ermənistanla münasibətləri yüksəldib. Son dövrlər isə bu münasibətlər strateji tərəfdaşlıq həddinə qədər yüksəlib”, - deyə həmsöhbətimiz bildirib.

Deputat İran Quru Qoşunları Komandanının Azərbaycanla bağlı son açıqlamasını ölkəmizə qarşı təzyiqlərin davamı kimi qiymətləndirir: “Kiomərs Heydəri bildirir ki, guya, Azərbaycanda “sionist” qüvvələr mövcuddur və ölkəmiz 44 günlük Vətən müharibəsində Suriyadan gətirilən İŞİD terrorçularından istifadə etmişik. Bütün bunlar bir daha göstərir ki, İran ölkəmizi ləkələmək niyyətindədir. Hansı ki, buna nail olmayacaq. Çünki İran rejiminin özü dünya ictimaiyyəti tərəfindən qəbul edilmir”.

“Azərbaycan 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın və rəşadətli Azərbaycan Ordusunun qətiyyəti nəticəsində qələbə qazandı. Bu tarixi qələbənin əldə olunmasında Türkiyə, İsrail kimi dövlətlər Azərbaycana dəstək göstərdi. İran isə Ermənistanın yanında idi. Belə olduğu təqdirdə İranın Azərbaycandan tələbləri yersiz və əsassızdır”, - deyə Məmmədov vurğulayıb.

Kiomərs Heydərinin bəyanatını AYNA-ya şərh edən Cənubi Azərbaycanın milli fəalı, “Gunaz TV”-nin rəhbəri Əhməd Obalı da söyləyib ki, İran Azərbaycana qarşı düşmənçilik siyasətini davam etdirir: “İran rejiminin sonu yaxınlaşıb. Əhali kütləvi şəkildə molla rejiminə etiraz edir. Onlar isə bu etirazların qarşısını almaqda acizdirlər. Anlayırlar ki, proseslərin bu şəkildə davamı onların çöküşünü qaçılmaz edəcək. Artıq heç bir yolla azadlıq tələbinə mane ola bilmirlər”.

“Güneyli soydaşlarımız da bu prosesdə yaxından iştirak edirlər. Onlar molla rejimindən repressiyalara son qoyulmasını və azadlıq tələb edirlər. Azərbaycanın İsraildə səfirliyinin fəaliyyətə başlaması, Azərbaycan tərəfinin Güneydəki soydaşlarının azadlıq tələbinə dəstək verməsi molla rejimini narahat edir”, - deyə müsahibimiz qeyd edib.

Onun sözlərinə görə, İran Azərbaycandan Güney Azərbaycandakı soydaşlarımızın və İsrailin qısasını alır: “Düşünürlər ki, təzyiqlər yolu ilə bunun qarşısını alacaqlar. Lakin unudurlar ki, artıq “qatar gedib”. Heç bir təxribatçı və məkrli cəhd molla rejimini xilas etməyəcək”.

İran Quru Qoşunları Komandanının açıqlamasını cəfəngiyyat adlandıran Obalı xatırladıb ki, Azərbaycan Ordusunun qətiyyəti nəticəsində torpaqlarımız işğaldan azad olunub: “Bu qələbə asan əldə olunmayıb. Uzun illər ərzində buna hazırlıq gedib. İqtisadi, siyasi, hərbi mənada. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu, sözün əsl mənasında, şücayət göstərib. Azərbaycan Prezidenti qətiyyətli və ləyaqətli davranış nümayiş etdirib, heç bir təzyiqə boyun əyməyib. Kiomərs Heydəri İran rejiminin mövqeyini ifadə edir. Suda boğulan saman çöpündən yapışan kimi, molla rejiminin tör-töküntüləri də şər-böhtan tirajlayır, bu yolla qisas almağa çalışırlar”.

Müəllif: Azər Niftiyev