"Biz yalnız bir daha hücuma məruz qalmayacağımıza dair zəmanətlə müharibənin bitməsinə razılaşacağıq"
İran İslam Respublikasına qarşı ABŞ-İsrail müharibəsində Vaşinqtonun atəşkəs təklifini rədd edib. AYNA.AZ xəbər verir ki, bu barədə İranın dövlət xəbər agentliyi IRNA 6 aprel axşamı yaydığı məlumatda bildirib. Qeyd edilib ki, Tehran danışıqlarda vasitəçi olan Pakistana təqdim etdiyi sənəddə atəşkəs təklifini rədd edib.
İranın cavabında on müddəanın olduğu deyilir. Bunlara regionda müharibənin dayandırılmasının zəruriliyi, gəmilərin Hörmüz boğazından təhlükəsiz keçidini təmin edən protokol və sanksiyaların ləğvi və ölkənin bərpası ilə bağlı müddəalar daxildir.
AP xəbər agentliyi İslam Respublikasının Misirdəki diplomatik missiyasının rəhbəri Möctəba Firdovsipurun bu barədə dediyi sözlərdən sitat gətirib: "Biz yalnız bir daha hücuma məruz qalmayacağımıza dair zəmanətlə müharibənin bitməsinə razılaşacağıq".
Amerikanın "Axios" onlayn nəşri, CNN televiziya kanalı və İsrailin "Channel 12" televiziya kanalı ilə əməkdaşlıq edən jurnalist Barak Ravid mikrobloqunda yazıb ki, İranın Pakistanın atəşkəs təklifinə verdiyi cavabda 10 bənd var. Ravidlə danışan adı açıqlanmayan amerikalı rəsmi İranın cavabını "maksimalist" adlandırıb və bunun münaqişənin diplomatik həlli istiqamətində irəliləyiş əldə etməyə imkan verəcəyinə dair qeyri-müəyyənlik ifadə edib.
İran tərəfi vurğulayır ki, istənilən fasilə və ya atəşkəs düşmənin yenidən qruplaşmasına və "yeni cinayətlər törətməsinə" imkan verə bilər.
İslam Respublikası ordusunun sözçüsü Məhəmməd Əkrəminiya bildirib ki, İsrail və ABŞ hücumlarına qarşı cavab tədbirləri düşmən "həqiqi peşmançılıq" hiss edənə qədər davam edəcək.
Qeyd edək ki, ABŞ-ın 45 günlük atəşkəs təklifi iki mərhələli bir prosesdir. Birinci mərhələ atəşkəs və Hörmüz boğazının açılmasını əhatə edir. Bölgədəki vəziyyətlə bağlı daha geniş bir razılaşma təxminən bir ay ərzində əldə edilə bilər.